Dövlətimizin başçısı İlham Əliyevin böyük ailə kimi dəyərləndirdiyi Türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Bu gün təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Qeyd edək ki, Prezident İlham Əliyev ötən il oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə “Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir” söyləyərək onu da əlavə etmişdir ki, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. 1926-cı ildə Bakıda təşkil edilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bu il Birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etmişdir.
İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirildi. Tədbir Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq reallaşdı. Sənəddə də vurğulandığı kimi, Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, Türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bu məqam da xüsusi vurğulanır ki, Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir. Türk dövlətləri arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Manset.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir:
"Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürü kimi dəyərləndirildi".
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın və bütövlükdə Türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyini nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinin təmin olunması məqsədilə imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin yüksək səviyyədə icrası iyunun 29-dan iyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi”ndə özünün aydın ifadəsini tapır:
"44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Türk dünyasının daha da möhkəmlənən birliyi, həmrəyliyi dünyaya nümunədir. Hazırda yeni dünya nizamının formalaşdığı bir zamanda bu birliyin müxtəlif istiqamətlərdə təmin edilməsi daha aydın şəkildə özünü nümayiş etdirir. Azərbaycanın bu birliyə töhfələri davamlıdır. Bu gün Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin də keçirilməsinin təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdür. Bu gün beynəlxalq ictimaiyyət Türk dünyasının birliyini işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində aydın şəkildə görür. Bu günlərdə ölkəmizdə dövlət səfərində olan Türkmənistan Prezidentinin azad Füzuliyə və Şuşaya səfərləri bir daha bu reallıqlara işıq saldı. Bu ilin may ayında Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyevin həmin Zirvə Görüşündəki çıxışında vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. 2025-ci ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyev Türküstan Zirvə Görüşündə bu əminliyi ifadə etdi ki, türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək".
Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyev Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində bir daha bu reallıqları diqqətə çatdırdı ki, paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır:
"Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və Türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı. Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırmışdır".
Vüqar Rəhimzadə qeyd edib ki, iyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının, TÜRKSOY-un, Bakı Dövlət Universitetinin, Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir. Rəsmi açılış mərasimində türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edir. “Türk Dünyası Həftəsi” müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcək, mədəni həyatımızın əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacaq və yaddaşlarda silinməz iz qoyacaqdır.
Millət vəkili vurğulayıb ki, müasir dövrdə türk dövlətləri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmlənməsi Birinci Türkoloji Qurultayın irsinin davamı kimi qiymətləndirilməlidir:
"Azərbaycan bu prosesdə mühüm rol oynayır və ölkə rəhbərliyinin Türk dünyasının birliyinə verdiyi dəstək ortaq dəyərlərin qorunmasına və inkişafına xidmət edir. “Türk Dünyası Həftəsi”nin proqramı olduqca zəngindir. Atılan hər bir addım bu birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsinə xidmət edir. Çıxışlarda bu fikir xüsusi qeyd edildi ki, Ortaq türk əlifbasının qəbul edilməsi türk dövlətləri arasında elmi, təhsil və mədəni inteqrasiyanın dərinləşməsi istiqamətində son illərin ən mühüm nailiyyətlərindən biridir. Ortaq əlifba ortaq elmi məkanın, vahid informasiya mühitinin və mədəni əlaqələrin daha da genişlənməsinə xidmət edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində bildirib ki, Birinci Türkoloji Qurultayın miras qoyduğu idealları yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək bütün Türk dünyasının ortaq məsuliyyətidir. Türk Dövlətləri Təşkilatının fəaliyyəti də İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” prinsipi əsasında getdikcə daha da dərinləşir və Birinci Türkoloji Qurultayın müəyyənləşdirdiyi baxış bu gün də yolgöstərici rolunu oynayır. Türkiyənin əsas məqsədi Türk dünyasının ortaq tarixinə, dilinə və mədəniyyətinə sahib çıxaraq, bu irs üzərində “Türk əsri”ni birlikdə inşa etməkdir. 1926-cı ildə Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirildiyi kimi, onun 100 illiyinə həsr olunmuş tədbirin də Azərbaycan paytaxtında təşkil olunması təsadüfi deyil. Türk dünyasının birlik və həmrəyliyinin ən güclü müdafiəçilərindən olan Azərbaycan bu gün də türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir".
Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə bildirib ki, Türk dünyasının birliyi sarsılmazdır. Hər dövrün çağırışlarına uyğun olaraq atılan addımlar bu birliyi daha da möhkəmləndirir.