logo
logo logo
logo

Qaçaq Nəbi və Qara Nəbi: Tarixi yaddaşın sənədlə sınağı - Sərdar Cəlaloğluya AÇIQ MƏKTUB 

16:31 - 18 Avqust 2026

Qaçaq Nəbi və Qara Nəbi: Tarixi yaddaşın sənədlə sınağı - Sərdar Cəlaloğluya AÇIQ MƏKTUB 

Tarixi şəxsiyyət haqqında fikir söyləmək asandır. Bir cümlə ilə adamı qəhrəman elan etmək də olar, quldur da. Amma tarix belə yazılmır. Tarix sənəd istəyir, müqayisə istəyir, hadisəyə mümkün qədər yaxın mənbə istəyir. Son vaxtlar Qaçaq Nəbi və Həcər xanım haqqında mətbuatda və sosial şəbəkələrdə bir-birindən fərqli, bəzən isə ciddi tarixi mənbələrlə uzlaşmayan fikirlər yayılır. Nəbini adi mal-qara oğrusu kimi göstərənlər, onun xalq qəhrəmanı obrazının guya sovet hakimiyyəti tərəfindən sonradan uydurulduğunu deyənlər, hətta Qara Nəbi ilə Qaçaq Nəbi — Nəbi Alı oğlunu eyni adam hesab edənlər var.


Bu yazıda heç kimin adını çəkib şəxsi polemika aparmaq istəmirəm. Məsələ şəxslərdən böyükdür.

Qoy bu dəfə söz sənədlərin, kitabların, köhnə qəzetlərin və alimlərin olsun.

Əgər Qaçaq Nəbini sovet hakimiyyəti yaradıbsa, sovet hakimiyyətindən əvvəl onun xalq yaddaşındakı izini tapmamalıyıq. Əgər Qara Nəbi ilə Nəbi Alı oğlu eyni adamdırsa, iki adın arxasındakı bioqrafiya, fəaliyyət coğrafiyası və hadisələr bir-birinə uyğun gəlməlidir. Əgər Nəbi sadəcə oğru olubsa, bunu ehtimalla yox, dövrün mötəbər mənbələri göstərməlidir.

NƏBİ VƏ HƏCƏR HARADAN İDİ?

Qaçaq Nəbi Zəngəzur qəzasının Aşağı Mollu, Həcər xanım isə Yuxarı Mollu kəndindəndir. Onların yaşadığı dövrdə “Qubadlı rayonu” adlı inzibati vahid yox idi. Aşağı Mollu və Yuxarı Mollu sonrakı inzibati bölgüdə indiki Qubadlı rayonunun ərazisinə daxil olub.

Bu detal kiçik görünə bilər. Əslində isə tarixdə dəqiqlik elə bu cür məsələlərdən başlayır: XIX əsrin hadisəsini XXI əsrin inzibati xəritəsi ilə yazmaq olmaz.

QISA XRONOLOGİYA

1851–1854-cü illər — Nəbinin doğum ili müxtəlif mənbələrdə fərqli göstərilir.

XIX əsrin 70–80-ci illəri — Nəbinin qaçaqlıq fəaliyyətinin formalaşdığı dövr kimi təqdim olunur.

1890-cı illər — Nəbinin və dəstəsinin adı çar dövrü mətbuatında və inzibati materiallarda görünür.

1894-cü il — qardaşı Mehdi ilə bağlı Qarçıvan hadisəsi Nəbi bioqrafiyasının mühüm epizodlarından biri kimi Bəhlul Behcət və sonrakı tədqiqatlarda yer alır.

1895-ci il — “Kavkaz” qəzetinin materiallarında Nəbinin və dəstə üzvlərinin adı görünür.

12 mart 1896-cı il — Nəbi Larni ərazisində sui-qəsd nəticəsində öldürülür.

BOLŞEVİKLƏRDƏN ƏVVƏL DƏ QAÇAQ NƏBİ VAR İDİ

“Qaçaq Nəbi obrazını sovet hökuməti yaratdı” fikrinin ən zəif yeri xronologiyadır.

Qaçaq Nəbi haqqında məlumat sovet hakimiyyətindən onilliklər əvvəl mətbuatda görünür. Eyni zamanda Nəbinin adı xalq nəğmələrinə, əhvalat və rəvayətlərə daxil olur. Folklorşünas Səhər Orucovanın “Qaçaq Nəbi SMOMPK məcmuəsində” adlı xüsusi tədqiqatı “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalının 2013-cü il, №1 (85) sayında, səh. 191–195-də dərc edilib. Afaq Qasımovanın “Azərbaycan qaçaq dastanları ənənəsi və ‘Qaçaq Nəbi’” mövzusunda tədqiqatının biblioqrafiyasında da bu göstərici qeyd olunur.

Burada əsas məsələ sadəcə Nəbinin adının bir məcmuədə keçməsi deyil. Əsas məsələ budur ki, Nəbi artıq xalq yaddaşının qəhrəmanlıq materialına çevrilmişdi. Bu yaddaşın kökləri sovet hakimiyyətindən əvvələ gedirsə, bütün Nəbi obrazını sonradan yaradılmış bolşevik layihəsi hesab etmək mümkün deyil.

Sovet sistemi sonralar Nəbi obrazını öz ideoloji qəlibinə sala, bəzi motivləri qabarda, bəzilərini dəyişdirə bilərdi. Amma özündən əvvəl yaranmış yaddaşı keçmişə qayıdıb yarada bilməzdi.

XIX ƏSR MƏTBUATI NƏBİNİ TANIMIŞDI

Nəbi haqqında mühüm ilkin mənbələrdən biri Tiflisdə nəşr edilən “Kavkaz” qəzetidir.

Tarixçi Ramil Niftəliyevin “Qaçaq Nəbinin dəstəsi haqqında” məqaləsində çar dövrü “Kavkaz” qəzetinin bir sıra materialları araşdırmaya cəlb olunur.

“Kavkaz”ın 9 iyun 1893-cü il materialında Nəbinin dəstəsi haqqında məlumat verilir. 18 yanvar 1895-ci il rəsmi elanlarında Nəbinin dəstəsi ilə əlaqəli axtarışda olan şəxslərin adları çəkilir. “Kavkaz”ın 5 may 1895-ci il, №117 sayında isə Zəngəzur qəzasının Mollu kəndindən olan Nəbinin əvvəlki məhkumluğu və Naxçıvandan Şuşaya aparılarkən qaçması barədə məlumat verilir.

Daha bir maraqlı detal ondan ibarətdir ki, həmin dövrün mətbuatında “Nəbi” adlı başqa qaçaqların da adı keçir. “Kavkaz”ın 1 sentyabr 1893-cü il materialında Borçalı qaçağı Nəbi Süleyman oğlunun, 11 iyul 1895-ci il materialında isə başqa bir Nəbinin adı çəkilir. Bu fakt “o dövrdə Nəbi adlı yalnız bir qaçaq vardı” iddiasını ciddi şəkildə zəiflədir.

Çar mətbuatında Nəbi haqqında “разбойник” sözünün işlədilməsini gizlətməyə ehtiyac yoxdur. Lakin imperiya idarəçiliyinin hüquqi-inzibati terminini götürüb bundan “deməli, adi mal-qara oğrusu idi” nəticəsi çıxarmaq da elmi yanaşma deyil.

Əsas sual daha dərindir:

Dövlətin cinayətkar saydığı adam niyə eyni dövrdə xalqın nəğməsinə, rəvayətinə və qəhrəmanlıq yaddaşına çevrilirdi

Qaçaq Nəbi hadisəsinin adi kriminal bioqrafiyadan daha mürəkkəb olduğu məhz burada görünür.

BƏHLUL BEHCƏT — “VƏSİQƏ VƏ SƏNƏDLƏR ÜZRƏ” YAZILAN TARİ

Qaçaq Nəbi haqqında ciddi araşdırmada yan keçilməsi mümkün olmayan ən mühüm müəlliflərdən biri Bəhlul Behcətdir.

Onun əsərinin adı “Qaçaq Nəbinin tarixi: vəsiqə və sənədlər üzrə”dir.

Əsərin müasir nəşri Bakı, “Çıraq”, 2011, 296 səhifə həcmində çap olunub. Tərtibçi və ön söz müəllifi İsrafil Abbaslı, elmi redaktoru Əziz Cəfərovdur.

Behcətin əsərinin əhəmiyyəti ondadır ki, müəllif Nəbinin yaşadığı Zəngəzur mühitinə yaxın idi, arxiv sənədlərindən, hadisələri görmüş və ya həmin hadisələrin canlı yaddaşını daşıyan insanların məlumatlarından istifadə etməyə çalışırdı.

Behcətin Nəbinin davranış qaydaları haqqında verdiyi ən diqqətçəkən məlumatlardan biri budur:

“Gizli oğurluğu qadağan etmişdi.”

Bu qısa cümlə Nəbini adi oğru kimi təqdim edən sadələşdirilmiş təsvirlə açıq şəkildə toqquşur.

Behcət Nəbinin qaçaq düşməsinin səbəblərini, tutulmalarını, həbsdən qaçışlarını, xalqın ona münasibətini, Həcərin taleyini, dəstə üzvlərini, hökumət nümayəndələri ilə qarşıdurmaları və müxtəlif döyüşləri ayrıca işləyib.

Məhz buna görə Behcətin əsərinə sadəcə Nəbi haqqında yazılmış növbəti kitab kimi baxmaq düzgün olmaz. Onun əsəri Qaçaq Nəbinin tarixi bioqrafiyasının öyrənilməsində əsas qaynaqlardan biridir.

HƏCƏR XANIM — SOVET KİNOSUNDAN ƏVVƏL


Həcər xanımın döyüşçü obrazını bütünlüklə sovet ədəbiyyatının və kinosunun yaratdığını söyləmək də mənbələrin xronologiyası ilə uzlaşmır.

Pavel Vostrikovun Qafqaz azərbaycanlılarının musiqi və mahnıları haqqında “Музыка и песни у адербейджанских татар” adlı araşdırması SMOMPK-un 1912-ci il, XLII buraxılışında çap olunub.

Vostrikovun materialında Həcərin Nəbinin yaxın silahdaşlarından biri olması, silah işlətmək və at sürmək qabiliyyəti barədə məlumat verilir.

Burada tarix xüsusilə əhəmiyyətlidir: 1912-ci il.

Yəni sovet hakimiyyəti hələ qurulmamışdı

Deməli, Həcərin silahlı mübarizədə iştirak edən qadın obrazı sovet kinosunun yaradacağı personajdan əvvəl yazılı mənbəyə düşmüşdü.

Bəhlul Behcət də Həcərin həyatının Nəbinin ölümündən sonrakı dövrünə toxunur və onun sonralar Nəbinin qohumlarından Həmzə ilə ailə qurduğunu qeyd edir.

Həcər haqqında da prinsip eynidir:

Şayiədən əvvəl mənbəyə baxmaq lazımdır.

1928-Cİ İL, İSTANBUL — BİR TARİX BÖYÜK BİR İDDİANI SINAĞA ÇƏKİ

Sovet mənşəli Nəbi obrazı iddiasının qarşısındakı ən ciddi faktlardan biri Əhməd Cəfəroğlunun tədqiqatıdır.

Əhməd Cəfəroğlunun “Azeri Halk Edebiyatında ‘Kaçak Nebi’ Destanı” adlı araşdırması İstanbulda çıxan “Azəri Türk” məcmuəsində 1928-ci ildə çap olunub:

№13, səh. 3–5;
№14, səh. 9–10;
№17, səh. 7–9.

Burada çox sadə, amma cavabı son dərəcə mühüm olan bir sual yaranır:

Əgər “Qaçaq Nəbi dastanı” sovet ideoloji aparatında sonradan yaradılmışdısa, 1928-ci ildə İstanbulda Əhməd Cəfəroğlu hansı “Qaçaq Nəbi dastanı”nı tədqiq edirdi?

Üstəlik, bu araşdırma Azərbaycanda sonradan nəşr olunacaq məşhur dastan variantlarından əvvəl meydana çıxmışdı.

Bu fakt Nəbinin dastanlaşmasının sovet nəşriyyatlarının sıfırdan yaratdığı proses olmadığını göstərir.

ƏLİHEYDƏR TAHİROV, HƏSƏN QASIMOV, ƏHLİMAN AXUNDOV, AZAD NƏBİYEV

“Qaçaq Nəbi” bir müəllif tərəfindən yazılmış və dəyişmədən günümüzə gəlib çatmış kitab deyil. Müxtəlif folklor variantları müxtəlif dövrlərdə toplanıb, tərtib və nəşr olunub.

Əliheydər Tahirov — “Qaçaq Nəbi”, Bakı, 1938, 49 səhifə.
Həsən Qasımov — “Qaçaq Nəbi”, Bakı, 1960, 75 səhifə.
Əhliman Axundov — “Qaçaq Nəbi”, Bakı, Azərnəşr, 1961, 369 səhifə.
Azad Nəbiyevin topladığı materiallar da sonrakı folklor nəşrlərində elmi dövriyyəyə daxil olub

Müxtəlif variantların mövcudluğu sovet dövründə Nəbi yaddaşına nəyin əlavə edildiyini, hansı məqamların dəyişdirildiyini, hansı motivlərin ideoloji baxımdan qabardıldığını araşdırmağa imkan verir.

Burada son dərəcə vacib bir fərq ortaya çıxır

Sovet hakimiyyəti Qaçaq Nəbini yaratmadı. Sovet hakimiyyəti özündən əvvəl mövcud olan Nəbi yaddaşını müəyyən dövrlərdə öz ideoloji dünyagörüşünə uyğunlaşdırdı.

Yaratmaqla redaktə etmək eyni şey deyil.
İdeolojiləşdirmək də sıfırdan yaratmaq demək deyil.

MƏMMƏDHÜSEYN TƏHMASİB VƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIQ MƏKTƏB

Qaçaq Nəbi mövzusunun elmi tədqiqi yalnız Behcət və dastan toplayıcıları ilə məhdudlaşmır.

Məmmədhüseyn Təhmasib, Paşa Əfəndiyev, Rüstəm Rüstəmzadə, Vaqif Vəliyev, Şamxəlil Məmmədov, İsrafil Abbaslı, Azad Nəbiyev, Bəkir Nəbiyev, Füzuli Bayat, Afaq Qasımova, Səhər Orucova və başqa alimlərin əsərlərində Qaçaq Nəbi və ümumilikdə qaçaq folkloru müxtəlif istiqamətlərdən araşdırılıb

İsrafil Abbaslının “‘Qaçaq Nəbi’ dastanı və Bəhlul Behcətin ‘Qaçaq Nəbinin tarixi’ araşdırması” məqaləsi “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” məcmuəsinin 2005-ci il, XVIII buraxılışında, səh. 16–23-də çap olunub.

Füzuli Bayatın “Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə” monoqrafiyası Bakı, “Elm və təhsil”, 2019-cu ildə 304 səhifə həcmində nəşr edilib

Afaq Qasımovanın “Azərbaycan qaçaq dastanları ənənəsi və ‘Qaçaq Nəbi’” mövzusunda geniş akademik araşdırmasında dastanın variantları, arxiv məlumatları, mühacirət ədəbiyyatı və əvvəlki tədqiqatçılar sistemli şəkildə müqayisə edilir.

Bütün bunlar bir şeyi göstərir: Qaçaq Nəbi mövzusu bir müəllifin, bir siyasi quruluşun və ya bir dövrün yaratdığı təsadüfi hekayə deyil. Qarşımızda yüz ildən artıq müddətdə müxtəlif məktəblər tərəfindən araşdırılmış böyük tarixi-folklor hadisəsi dayanır.

AZƏRBAYCAN MÜHACİRƏTİNDƏ QAÇAQ NƏBİ

Məsələnin başqa mühüm tərəfi Nəbi obrazının sovet hüdudlarından kənarda yaşamasıdır.

Azərbaycan siyasi mühacirətində Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu, Hüseyn Baykara, Nağı Şeyxzamanlı və başqa müəlliflər qaçaq hərəkatına müraciət ediblər.

Bu müəlliflərin böyük hissəsi sovet siyasi sisteminin tərəfdarı deyil, əksinə, onun siyasi opponentləri idi.

Mirzə Bala Məmmədzadə qaçaq hərəkatını xalqın silahlı müqavimət ənənəsi kontekstində qiymətləndirən müəlliflərdəndir.

Nağı Şeyxzamanlının “Qaçaqlar” yazısı “Azərbaycan” dərgisinin 1959-cu il, №8–9 sayında, səh. 17–18-də, “Qaçaq Nəbi” yazısı isə həmin dərginin 1960-cı il, №10–11 sayında, səh. 25–26 və №12 sayında, səh. 11–12-də çap olunub.

Şeyxzamanlının siyasi mövqeyi burada xüsusilə maraqlıdır. O, sovet hakimiyyətinin tərəfdarı deyildi, amma Nəbini xalq yaddaşından silmir, əksinə, onu xalq qəhrəmanı və müqavimət ənənəsinin simalarından biri kimi təqdim edirdi.

Əgər Nəbi yalnız sovet ideologiyasının yaratdığı qəhrəman idisə, həmin ideologiyanın siyasi opponentləri onu niyə öz milli müqavimət tarixlərinin içində görürdülər?

Burada mühüm fərq ortaya çıxır:

Nəbini xalq qəhrəmanı hesab etmək başqa şeydir, onu kommunist qəhrəmana çevirmək başqa.
Bu iki anlayışı bir-birinə qarışdırmaq olmaz.

İNDİ ƏN MÜHÜM DÜYÜN: QARA NƏBİ KİMDİR?

Qaçaq Nəbi haqqında mübahisənin ən dolaşıq və ən çox yanlış nəticələr çıxarılan hissələrindən biri Qara Nəbi məsələsidir.

Bəzən Qara Nəbinin sadəcə Qaçaq Nəbinin başqa adı olduğu iddia edilir.

Azərbaycan folklorşünaslığının mühüm bir tədqiqat xətti isə tamam başqa mənzərə ortaya qoyur.

Afaq Qasımovanın “Qaçaq Nəbi hərəkatı nəzəriyyəçilərin baxış müstəvisində və Qaçaq Nəbi şəxsiyyəti folklorda” adlı məqaləsi 25–26 iyul 2020-ci ildə Stokholmda keçirilmiş V Beynəlxalq elmi konfransın materiallarında, səh. 85–94-də çap olunub. Həmin araşdırmada Qara Nəbi məsələsi ayrıca nəzərdən keçirilir.

Professor Azad Nəbiyevin “Azərbaycan xalq ədəbiyyatı”, II hissə, Bakı, 2006, səh. 587-də verilən məlumata istinad edən tədqiqatlarda Qara Nəbi adı ilə tanınan şəxsin Aşot Qriqoryan olduğu göstərilir.

Beləliklə, akademik ədəbiyyatın bu xəttində Qara Nəbi erməni mənşəli Aşot Qriqoryan kimi təqdim olunur.

Başqa mənbələrdə fərqli adlara da rast gəlinir. Bu səbəbdən onun şəxsiyyətinin bütün detallarını tam həll olunmuş tarixi fakt kimi təqdim etmək ehtiyat tələb edir. Lakin bizim mövzumuz üçün daha mühüm məsələ başqadır: həmin mənbələrdə Qara Nəbi Nəbi Alı oğlu kimi deyil, ayrıca şəxs kimi təqdim edilir.

Əhliman Axundovun topladığı “Qaçaq Nəbi” variantında da Qara Nəbi Qaçaq Nəbinin özü deyil. O, Arazın hər iki tərəfində soyğunçuluq edən, hətta müəyyən süjetlərdə Qaçaq Nəbinin adından istifadə edən ayrıca şəxs kimi təqdim olunur.

Və məsələ bununla bitmir.

Həmin dastan variantında Qaçaq Nəbi ilə Qara Nəbi qarşı-qarşıya gəlir və Qara Nəbi öldürülür.

Burada çox sadə bir məntiqi sual yaranır:

Qaçaq Nəbinin qarşısında dayanan, onun adı ilə soyğunçuluq edən və dastan variantında onun tərəfindən öldürülən Qara Nəbi necə həmin Qaçaq Nəbinin özü ola bilər?

Əlbəttə, folklor mətninin hər detalını avtomatik şəkildə arxiv protokolu kimi qəbul etmək olmaz. Lakin bu materiallar ən azı bir şeyi açıq göstərir: “Qara Nəbi = Qaçaq Nəbi” eyniləşdirməsi Azərbaycan folklorşünaslığında mübahisəsiz qəbul olunmuş tarixi fakt deyil.

Əksinə, onları bir-birindən fərqləndirən ciddi tədqiqat xətti mövcuddur.

MAKSİM QORKİ MƏSƏLƏSİ: AD DEYİL, MƏTN SÜBUTDUR

Bu mövzuda tez-tez Maksim Qorkinin də adı çəkilir.

Qorkinin “Разбойники на Кавказе” — “Qafqazda quldurlar” adlı oçerki 1896-cı ildə “Nijeqorodski listok” qəzetində çap olunub.

Lakin burada xüsusilə ehtiyatlı olmaq lazımdır.

Qorkinin adı ilə Qaçaq Nəbi haqqında hansısa hökm verilirsə, ən elementar elmi tələb budur:

Hansı əsər?
Hansı nəşr?
Hansı səhifə?
Hansı orijinal rusca cümlə?

Çünki “Qorki belə yazıb” demək öz-özlüyündə tarixi sübut deyil.

Qorkinin adı sübut deyil. Qorkinin öz mətni sübutdur. Tarixi həqiqəti müdafiə ediriksə, öz arqumentlərimizə də qarşı tərəfdən tələb etdiyimiz qədər ciddi yanaşmalıyıq.

SOVET HAKİMİYYƏTİ NƏBİNİ YARATMIŞDIMI?

İndi bütün xronologiyanı bir yerə yığaq. Qaçaq Nəbi XIX əsrdə real tarixi şəxs kimi fəaliyyət göstərib.
Onun adı çar dövrünün yazılı mənbələrinə düşüb.
Haqqında xalq nəğmələri, əhvalatlar və rəvayətlər formalaşıb.
Nəbi və Həcər haqqında materiallar sovet hakimiyyətindən əvvəl yazıya alınıb.
1912-ci ildə SMOMPK materiallarında Həcər haqqında məlumat var.
1928-ci ildə Əhməd Cəfəroğlu İstanbulda artıq mövcud “Qaçaq Nəbi dastanı”nı elmi tədqiqata cəlb edib.
Bəhlul Behcət arxiv sənədləri və canlı yaddaş əsasında Nəbinin tarixini yazıb.
Əliheydər Tahirov, Həsən Qasımov, Əhliman Axundov, Azad Nəbiyev və başqaları müxtəlif folklor variantlarını toplayıb və nəşr etdiriblər.
Məmmədhüseyn Təhmasibdən Füzuli Bayata, İsrafil Abbaslıdan Afaq Qasımovaya qədər müxtəlif nəsillərin alimləri həmin materialları araşdırıblar.
Azərbaycan siyasi mühacirləri isə sovet sistemindən kənarda, hətta ona siyasi müxalif mövqedə dayanaraq Nəbi və qaçaq hərəkatından yazıblar.

Bütün bunları yanaşı qoyduqda daha əsaslandırılmış nəticə budur:

SOVET HAKİMİYYƏTİ QAÇAQ NƏBİNİ YARATMADI.

Sovet hakimiyyəti özündən əvvəl mövcud olan tarixi Nəbi və xalq yaddaşındakı Nəbi obrazını öz siyasi-ideoloji sisteminə uyğun şəkildə yenidən təqdim etdi.

Bəzi motivlər qabardıldı.
Bəzi motivlər dəyişdirildi.
Bəzi hadisələr dövrün sinfi mübarizə ideologiyasının dili ilə izah edildi.

Bunları araşdırmaq və hətta tənqid etmək olar. Amma ideolojiləşdirmək yaratmaq deyil.
Redaktə etmək sıfırdan uydurmaq deyil.

Bu fərqi görmədən Qaçaq Nəbi haqqında sağlam tarixi müzakirə aparmaq mümkün deyil.

ƏDƏBİYYATDA, TÜRKİYƏDƏ VƏ GÜNEY AZƏRBAYCANDA NƏBİ YADDAŞI

Qaçaq Nəbi və Həcər yalnız tarixçilərin və folklorşünasların mövzusu olmayıb.

Azərbaycan ədəbiyyatında Süleyman Rüstəm, Süleyman Rəhimov, Həsən Qasımov, Cəlal Bərgüşad, Əli Vəliyev və başqa müəlliflər Nəbi-Həcər mövzusuna müraciət ediblər.

Türkiyədə də “Qaçaq Nəbi” dastanının müxtəlif variant və materialları qeydə alınıb. Zeynelabidin Makas, Turgut Öcal, Esma Şimşek və başqa tədqiqatçıların əsərlərində bu mövzunun izləri araşdırılıb.

Güney Azərbaycanda da Nəbi yaddaşı yaşayıb.

Bu yaddaşın ən maraqlı nümunələrindən biri böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Qaçax Nəbi” şeiridir.

Nəbi haqqında yaddaşın Arazın hər iki tərəfində, Türkiyədə və Azərbaycan mühacirətində yaşaması mühüm tarixi-mədəni hadisədir.

Çünki xalq yaddaşı siyasi sərhədlərdən daha uzunömürlüdür.

Arazın bu tayında da Nəbi vardı.
O tayında da.
Anadoluda da.
Mühacirətdə də.

TARİXƏ SAHİB ÇIXMAĞIN ƏN DÜZGÜN YOLU

Qaçaq Nəbini müdafiə etmək üçün onun həyatındakı hər hadisəni qüsursuz qəhrəmanlıq kimi təqdim etməyə ehtiyac yoxdur.

Tarixi şəxsiyyət daşdan yonulmuş büt deyil.

Onun haqqında mənfi sənəd varsa, onu da oxumaq lazımdır. Amma həmin sənədin kim tərəfindən, hansı şəraitdə və hansı inzibati-siyasi məqsədlə yazıldığını da soruşmaq lazımdır.

Eyni zamanda xalqın niyə Nəbiyə yardım etdiyini, niyə haqqında nəğmələr yaratdığını, niyə Həcəri onunla yanaşı yadda saxladığını, niyə sovetdən kənardakı alim və mühacirlərin də Nəbi mövzusunu araşdırdığını izah etmək lazımdır.

Qara Nəbi haqqında danışırıqsa, Azad Nəbiyevin tədqiqatına, Əhliman Axundovun variantına, Füzuli Bayatın və Afaq Qasımovanın araşdırmalarına baxmaq lazımdır.

Bəhlul Behcətdən danışırıqsa, onun kitabının adındakı “vəsiqə və sənədlər üzrə” sözlərini unutmamaq lazımdır.

Əhməd Cəfəroğlu deyiriksə, 1928-ci il İstanbul nəşrini açmaq lazımdır.

Nağı Şeyxzamanlı deyiriksə, 1959–1960-cı illərin “Azərbaycan” dərgisini görmək lazımdır.

Maksim Qorkinin adı çəkilirsə, internetdə onun adına yazılan cümləni yox, 1896-cı ildə çap olunmuş öz mətnini oxumaq lazımdır.

Tarix bir cümlə ilə yazılmır.

SON SÖZ

Mən Qubadlının Dəmirçilər kəndindənəm.

Qaçaq Nəbinin Aşağı Mollusu da, Həcər xanımın Yuxarı Mollusu da bu gün doğma Qubadlımızın kəndləridir. Nəbi və Həcərin yaşadığı dövrdə isə həmin kəndlər Zəngəzur qəzasının tərkibində idi.

Bizim tərəflərdə Nəbi və Həcərin adı dünən yaranmayıb. Bu adları biz kitablardan əvvəl böyüklərimizin dilindən eşitmişik. Babalarımızdan, nənələrimizdən, kəndimizin yaşlı insanlarından gələn yaddaş nəsildən-nəslə ötürülüb.

Amma məhz Qubadlıdan olduğum üçün həmin yaddaşı sənədin yerinə qoymaq istəmirəm. Əksinə, doğma torpağımın tarixindən danışdığım üçün həqiqətə daha böyük məsuliyyətlə yanaşmağı özümə borc bilirəm.

Bu gün əldə olan mənbələrin bütöv mənzərəsi isə ən azı bir nəticəni kifayət qədər aydın göstərir:

QAÇAQ NƏBİ SOVET HAKİMİYYƏTİNİN YARATDIĞI SÜNİ QƏHRƏMAN DEYİLDİ.

Nəbi sovet hakimiyyətindən əvvəl də tarixi şəxsiyyət idi. Onun haqqında xalq yaddaşı vardı. Nəğmələr, rəvayətlər vardı. Sovetdən əvvəl yazıya alınmış materiallar vardı. Sovet sərhədlərindən kənarda onu araşdıran alimlər və mühacir müəlliflər vardı.

Sovet sistemi sonradan həmin obrazı öz ideologiyasına uyğunlaşdıra bilərdi, amma onu keçmişə qayıdıb yarada bilməzdi.

Qara Nəbi məsələsində isə mövcud akademik tədqiqatların mühüm bir xətti onları eyniləşdirməkdən daha çox iki ayrı şəxsin tarixinin sonradan qarışdırılması problemini ortaya çıxarır. Azad Nəbiyevə istinad edən tədqiqatlarda Qara Nəbinin Aşot Qriqoryan kimi təqdim edilməsi, Əhliman Axundov variantında isə onun Qaçaq Nəbinin qarşısında ayrıca şəxs kimi dayanması bu məsələdə xüsusilə diqqətəlayiqdir.

Qaçaq Nəbinin kimliyinə nə bugünkü emosiyalar, nə də yüz ildən sonra söylənmiş sensasion cümlələr hökm verməlidir.

Hökmü tarix versin.
Hökmü sənədlər versin.
Və yüz ildən artıqdır bu adı yaşadan xalq yaddaşı da həmin sənədlərlə birlikdə dinlənilsin.

Cəsarət Bayramov
Qubadlı rayonu, Dəmirçilər kənd sakini


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az