Türkiyə İsveçin NATO-ya girişinə icazə verdi

10:56 - 11 İyul 2023

Türkiyə İsveçin NATO-ya girişinə icazə verdi

Türkiyə İsveçin NATO-ya daxil olmasına icazəsini verib. Müvafiq razılaşma barəsində mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.

 

 Manset.az türk mətbuatına istinadla bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristerson arasında keçirilən üçtərəfli görüşün nəticəsində İsveçin alyansa daxil olmasına razılıq əldə olunub.

 Mətbuat konfransında İsveç hökumətinin başçısı Ulf Kristerson bildirib: "Razılığın əldə olunması üçün krallıq öz üzərinə əlavə öhdəliklər götürüb. Həmin öhdəliklər çərçivəsində təhlükəsizlik və polis sahələrində əməkdaşlığın gücləndirməkdən ibarət olan təhlükəsizlik müqaviləsinin imzalanması nəzərdə tutulub. “Çox şadam ki, üçümüz bu birgə bəyanatda əl sıxdıq və beləliklə, İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası istiqamətində çox böyük addım atırıq".

 10 iyul axşam saatlarında reallaşan görüşdə R.T.Ərdoğan İsveçin NATO müraciətinin ratifikasiyası müqabilində Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların bərpasını tələb edib. Türkiyə prezidentinin İsveçin alyansa daxil olmasına icazə verəcəyinə dair açıqlamadan bir müddət sonra Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Aİ-nin Türkiyə ilə daha dərin əməkdaşlığı imkanlarının araşdırdığını elan edib.

   2022-ci ilin iyul ayında Finlandiya və İsveç hökumətləri NATO-ya üzvlüklə bağlı müraciət edib. Qısa müddət sonra Türkiyə və Macarıstan xaric alyansa daxil olan bütün ölkələr müvafiq sənədləri ratifikasiya edib. Lakin Türkiyə alyansın üzvü kimi sənədi ratifikasiya etmədən müvafiq şərtlər irəli sürüb. Bu şərtlər arasında kürd separatçılarının terror təşkilatı kimi tanınması, İsveçdə gizlənən axtarışda olan şəxslərin Türkiyəyə ekstradisiyası və Ankaraya silah satışlarında qoyulan qadağanın aradan qaldırılması yer alıb. Rəsmi Ankara, həmçinin İsveç rəsmilərini Quranın yandırılması kimi nümayişlərə icazə verərək islamofob addımların atılmasında ittiham edib. Baş verən anlaşılmazlıqlar və aylar sürən danışıqların ardınca, Finlandiya 2023-cü il aprelin 4-də NATO-ya üzv olub. Öz növbəsində İsveç hökuməti Türkiyə və Macarıstanla uzun danışıqlar prosesini davam etdirərək, irəli sürülən tələblər əsasında müvafiq addımlar atmağa başlayıb. Belə ki, İsveç, silah satışlarına qadağanın qaldırılmasını, Türkiyəyə bir sıra axtarışda olan şəxslərin ekstradisiyasını elan edib. Bununla yanaşı, krallıq terrorla mübarizədə qanunvericiliyini gücləndirərək, bir sıra şəxslərə qarşı cinayət işlərini açıb.

 NATO-ya daxil olmaqla İsveç tarixi dəyişikliyə imza atır. Belə ki, krallıq özünün 200 illik hərbi təşkilatlara qoşulmama siyasətinə son qoyur.

 

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az