Sentyabrın 26-da ADU-da “Avropa dilləri günü”
münasibətilə tədbir keçirilib. Görüşdə müəllimlər, tələbələr və mətbuat
nümayəndələri iştirak ediblər.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə
Qəribova “Avropa dilləri günü” münasibətilə təşkil olunan tədbirin
əhəmiyyətindən danışıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla Belçika
Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponu və
Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel
Radomskini salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Qeyd olunub ki, ADU-da iyirmidən çox dil tədris
olunur. Tələbələr müasir tədris metodları ilə xarici dil biliklərinə yiyələnir,
müxtəlif mübadilə proqramlarında iştirak edirlər.
ADU-nun QS reytinqlər cədvəlində uğurlu nəticə əldə
etməsindən danışan rektor beynəlxalq əlaqələrin qurulmasında görülən işlər
haqqında məlumat verib.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla
bu günün yalnız Avropa üçün deyil, bütün dünya üçün əlamətdar olduğunu deyib.
Bildirilib ki, həm Polşa, həm də Belçika
respublikaları Azərbaycanın sıx əməkdaşlıq etdiyi ölkələr sırasındadır. Bu
əməkdaşlıq özünü elmi, mədəni sahələrdə də göstərməkdədir.
Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə
təşəkkürünü bildirən Polşa Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Pavel Radomski ölkələr arasında elmi, mədəni əlaqələrin
qurulmasının vacibliyindən danışıb.
Bildirilib ki, ADU-da Polyak dilinin tədrisi bu
əlaqələrin inkişafına müsbət töhfə verir.
Belçika Krallığının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Julyen de Frepon Avropa dilləri gününə həsr olunan tədbirdə
iştirak etməkdən məmnun olduğunu bildirib. O, multikulturalizmin, dil
müxtəlifliyinin Avropa İttifaqının əsasını təşkil etdiyini söyləyib.
Səfir çıxışında ölkələr arasında dil və mədəniyyət
sahəsində görülən işlər haqqında danışıb.
Söylənilib ki, müasir dünyada dil və mədəniyyət
xalqların bir-birinə yaxınlaşması və tanıdılması baxımından böyük önəm kəsb
edir.
Görüş tələbələrin sualları ilə davam edib.