Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqının (MİHİ) yaradılmasının 120 illiyinə həsr olunmuş “Həmkarlarla 120
il” tədbiri keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə
çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov
həmkarlar ittifaqlarının tarixi, keçdiyi inkişaf yolu və ölkəmizin ictimai həyatındakı
rolu barədə danışıb. Konfederasiya sədri dövlətimizin mədəniyyət, elm, təhsil və
idman sahələrinə göstərdiyi diqqət və qayğını diqqətə çatdırıb və bu siyasətin əsasının
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, cənab Prezident İlham Əliyevin
rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə
digər sahələrlə yanaşı, humanitar, sosial və mədəni sahələrin inkişafında
xüsusi xidmətləri olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə mədəniyyət sahəsində həyata keçirilən layihələrin əhəmiyyəti qeyd olunub.
Həmçinin
Konfederasiya tərəfindən əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin təmin
olunması, üzvlərin sağlamlığının qorunması, istirahətinin təşkili və rifahının
yüksəldilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Mədəniyyət
nazirinin müavini Fərid Cəfərov həmkarlar ittifaqlarının fəaliyyətini yüksək
qiymətləndirərək mədəniyyət, idman və media sahəsində çalışan vətəndaşların əmək
hüquqlarının qorunmasında təşkilatın rolunu qeyd edib.
Milli
Məclisin sədr müavini Rafael Hüseynov, Əmək və sosial siyasət komitəsinin sədri
Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Xalq yazıçısı
Çingiz Abdullayev ölkəmizin mədəni inkişafında bu sahədə çalışan şəxslərin əməyini
qeyd edib, həmkarlar ittifaqlarının mədəniyyət sahəsində gördüyü işləri diqqətə
çatdırıblar.
Tədbirdə
Qazaxıstan və Özbəkistan həmkar ittifaqlarının nümayəndələri də çıxış edərək
ölkələrimiz arasında mədəni əlaqələrdən danışıb, əmək münasibətlərinin tənzimlənməsində
həmkarlar ittifaqlarının rolunu qeyd ediblər.
Yubiley
çərçivəsində AHİK və MİHİ tərəfindən həyata keçirilən layihələr və yeniliklər
barədə videotəqdimatlar nümayiş olunub, bədii hissədə isə mədəniyyət və incəsənət
nümayəndələrinin çıxışları təqdim edilib.
Tədbirin
davamında əmək münasibətlərində sosial dialoqun inkişafına həsr olunmuş iki
panel müzakirəsi keçirilib. “İşçi ilə əməkdaşlıq” və “İşəgötürənlə əməkdaşlıq”
mövzularında təşkil olunan panellərdə dövlət qurumlarının nümayəndələri, həmkarlar
ittifaqları təmsilçiləri və özəl sektor rəhbərləri əmək bazarının aktual məsələlərini,
sosial tərəfdaşlıq imkanlarını və işçi rifahının artırılması yollarını müzakirə
ediblər.
“Həmkarlarla
120 il” yubiley tədbiri MİHİ-nin ölkə mədəniyyətinin inkişafında, işçi
hüquqlarının müdafiəsində və həmkar həmrəyliyinin gücləndirilməsində oynadığı
mühüm rolun bir daha təsdiqi kimi qiymətləndirilib.
Qeyd
edək ki, MİHİ mədəniyyət, incəsənət, media və idman sahəsində çalışan əməkdaşların
sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində 120 illik fəaliyyətə
malikdir. 1905-ci ildə “Çapçılar İttifaqı” adı ilə fəaliyyətə başlayan təşkilat
ölkənin mədəni həyatında yaradıcı insanların əmək hüquqlarının müdafiəsində mühüm
rol oynayıb.