AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) sərnişinlərinə
uçuş cədvəlində yarana biləcək gözlənilməz dəyişikliklərə qarşı əvvəlcədən
qorunmaq imkanı yaradan DAFAR (“Disruption Assistance For Any Reason”) adlı
yeni rəqəmsal xidməti istifadəyə verib. Bu xidmət gecikmə və ya reysin ləğvi
kimi hallarda sərnişinlərə operativ dəstəyin göstərilməsini nəzərdə tutur.
DAFAR xidməti AZAL-ın rəsmi veb-saytı və mobil tətbiqində biletin bron edilməsi mərhələsində əlavə seçim kimi təklif olunur. Xidmət səyahət texnologiyaları üzrə qlobal platforma olan HTS (“Hopper Technology Solutions”) ilə tərəfdaşlıq çərçivəsində tətbiq edilib.
DAFAR ödənişli əsasda təqdim edilir və xidmətin dəyəri istiqamətdən asılı olaraq dəyişir. Xidmət aktivləşdirildikdən sonra sistem reysin statusunu avtomatik izləyir. Uçuşun 2 saat və ya daha çox gecikməsi, yaxud həmin gün ləğv olunması halında sərnişinə bildiriş göndərilir və aşağıdakı seçim imkanları verilir:
·
müəyyən edilmiş limit çərçivəsində əlavə ödəniş etmədən marşrut üzrə
uçuş həyata keçirən istənilən aviaşirkətə biletin yenidən bron edilməsi;
· bilet dəyərinin 100% geri qaytarılması və sərnişinin istəyi ilə səyahətin ilkin biletlə davam etdirilməsi.
Yeni xidmətin istifadəyə verilməsinə münasibət bildirən “Azərbaycan Hava Yolları”nın baş kommersiya inzibatçısı Cəmil Manizadə qeyd edib ki, AZAL səyahətçilərin dəyişən ehtiyaclarına uyğun müasir həllərin tətbiqinə xüsusi diqqət yetirir. “Bu tərəfdaşlıq müştəri loyallığının güclənməsinə və sərnişinlər üçün daha çevik, operativ xidmətin təmin edilməsinə imkan yaradacaq”.
“Hopper” və HTS-in prezidenti və həmtəsisçisi Dakota Smit isə öz növbəsində
bildirib: “Azərbaycan Hava Yolları ilə əməkdaşlıq etməkdən və Avrasiya
regionunda sərnişinlər üçün imkanları genişləndirməkdən qürur duyuruq. Fintex həllərimiz
sərnişinlər üçün əlavə dəyər yaradır.”
Qeyd edək ki, HTS məlumat analitikası və süni intellekt əsaslı
texnologiyalar vasitəsilə müasir səyahətçilərə dəstək məqsədilə fintex həlləri
hazırlayan aparıcı qlobal səyahət texnologiyaları platformasıdır. Şirkət
dünyanın ən böyük bankları, aviaşirkətləri və turizm xidmətləri təminatçıları
ilə əməkdaşlıq edir, qiymət dəyişkənliyi və səfər zamanı yarana biləcək dəyişikliklər
daxil olmaqla geniş spektr üzrə əlavə məhsullar təqdim edir.