11-ci Vüqar Həşimov Memorial turnirinin baş hakimi Rauf Hacılı Xankəndidə keçiriləcək yarışla bağlı danışıb.
Manset.az xəbər verir ki, R.Hacılı turnirin maraqlı və gərgin mübarizə şəraitində keçəcəyini və təmsilçimiz Rauf Məmmədova inandığını deyib:
"Bu yarışda dünyanın ən güclü şahmatçılarından biri olan Yan Nepomnyaşiy də çıxış edir. Həmyerlimiz Rauf Məmmədov vaxt nəzarəti azaldıqca, çox güclü oyun nümayiş etdirir. Dünyanın ən qabaqcıl şahmatçıları ilə rəqabət apara bilər. Bu baxımdan hesab edirəm ki, çempionluğa namizədlərdən biri Rauf Məmmədovdur".
Turnirin baş hakimi Memorialın dünya çempionatının seçmə mərhələsi siyahısına salınmasından da danışıb: "Memorialın FİDE dünya çempionatının seçmə mərhələsi olması iştirakçıların məsuliyyətini artırır. Burada qazanılan uğur turnirin qalibinə əlavə imtiyazlar verəcək. Bu baxımdan düşünürəm ki, gərgin və maraqlı mübarizələrə şahidlik edəcəyik".
R.Hacılı turnirin işğaldan azad olunmuş ərazilərdə keçirilməsinin məsuliyyətindən də söz açıb: "30 il həsrətində olduğumuz bu ərazilərə səfər etmək hər bir azərbaycanlı üçün böyük hadisədir. Həmin ərazilərdə bərpa-quruculuq işləri gedir. Və yalnız mötəbər tədbirlər keçirilir. Bu baxımdan Memorialın ötən il Şuşada, bu dəfə isə Xankəndidə təşkil olunması Vüqar Həşimovun xatirəsinə olan böyük hörmət və ehtiramın göstəricisidir. Mən də bu cür tədbirə dəvət edildiyim üçün böyük fəxr hissi keçirirəm".
Qeyd edək ki, 11-ci Vüqar Həşimov turnirinə dekabrın 9-da start veriləcək.