Dekabrın 8-də Azərbaycan
Dillər Universitetinin (ADU) Şeyx Zayed adına Ərəb dili Auditoriyasında “BƏƏ
Qadınlarının Cəmiyyətdəki Mövqeyinin Möhkəmləndirilməsi” mövzusunda elmi
seminar təşkil olunub. Tədbir Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyinin
dəstəyi ilə baş tutub.
Manset.az xəbər verir ki, seminarda BƏƏ-nin Azərbaycandakı
səfirliyinin birinci katibi Bədriyyə Abdullah Muhammad Əş-Şıhhi, eləcə də ölkəmizin
müxtəlif ali təhsil müəssisələrini və fəaliyyət sahələrini təmsil edən tanınmış
azərbaycanlı ziyalı qadınlar iştirak ediblər.
Tədbiri Şeyx Zayed adına Ərəb
dili Auditoriyasının direktoru Ülviyyə Hüseynova açaraq seminarın məqsədi və
proqramı barədə məlumat verib. Daha sonra çıxış üçün söz qonaq qismində iştirak
edən Bədriyyə Əş-Şıhhi xanıma verilib. Diplomat öz çıxışında BƏƏ-də qadınların
cəmiyyətdəki rolu, dövlət siyasətində qadınların gücləndirilməsi istiqamətində
görülən işlər və əldə olunan nailiyyətlər barədə geniş məlumat təqdim edib.
Seminar çərçivəsində
ADU-nun Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Bakı Avrasiya
Universitetinin xarici əlaqələr üzrə prorektoru Sevda Rzayeva və Azərbaycan
Dövlət İqtisad Universitetinin Qadınlar Şurasının sədri, BMT-nin sülhməramlı səfiri
Kifayət Xudaverdiyeva məruzəçi qismində çıxış ediblər. Çıxışlarda qadınların
elm, təhsil, ictimai həyat və idarəetmədə rolu, gender bərabərliyi və sosial
imkanların genişlənməsi mövzularına toxunulub.
Seminar diskussiya paneli və
sual-cavab sessiyası ilə davam edib. Tədbirin bədii hissəsində tələbələr
poeziya və təqdimatlarla çıxış ediblər.