Üç ay əvvəl satışa çıxarılan "iPhone Air Apple" smartfonları arasında ikinci əl bazarında ən çox ucuzlaşan model olub.
Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, smartfonların alışı və satışı ilə məşğul olan xidmətin mütəxəssisləri "iPhone 17" nəslinə aid bütün modellərin qiymətlərini təhlil ediblər. Antirekord isə 1 terabayt yaddaşa malik "iPhone Air" modelində qeydə alınıb. Pərakəndə satış qiyməti 1400 dollar olan cihaz cəmi üç ay sonra orta hesabla 731 dollara satılıb. Beləliklə, smartfon 47 faiz ucuzlaşıb.
Top-5 sırasında ikinci əl bazarında dəyərini ən çox itirən digər yeni "Apple" modelləri də yer alıb.
512 GB yaddaşlı "iPhone Air" — 45 faiz,
"iPhone 17 Pro Max" (2 TB) — 41,2 faiz,
"iPhone 17" (512 GB) — 40,8 faiz,
"iPhone Air" (256 GB) — 40,3 faiz göstəriciləri ilə qərarlaşıb.
"SellCell"in məlumatına görə, "iPhone 17" seriyasına aid smartfonların orta amortizasiya göstəricisi satışdan sonrakı ilk on həftədə 34,6 faiz təşkil edib. İkinci əl bazarında ən populyar model isə 256 GB yaddaşlı "iPhone 17 Pro Ma"x olub — o, orta hesabla 26,1 faiz ucuzlaşıb.
Mütəxəssislər bildiriblər ki, ən sürətlə ucuzlaşan modellər həm də bazarda daha zəif tələb görənlərdir. “iPhone Air" ilə digər cihazlar arasında artan fərq bazarın bu modelin uzunmüddətli populyarlığı ilə bağlı narahatlığını göstərir”, — deyə ekspertlər vurğulayıblar.