Azərbaycanlı şagirdlər Dünya Riyaziyyat çempionatında üçüncü oldular - Fotolar

13:48 - 09 Dekabr 2025

Azərbaycanlı şagirdlər Dünya Riyaziyyat çempionatında üçüncü oldular - Fotolar

Tailandın paytaxtı Bankokda keçirilən World Mathematics Team Championship yarışında Azərbaycan komandası böyük uğur əldə edib. Kaliforniya Berkeley Universiteti tərəfindən təsis olunan bu nüfuzlu beynəlxalq riyaziyyat çempionatında ölkəmizi Global Olympiad Center adından təmsil edən “Zəfər” komandası Advanced kateqoriyasında 3-cü yerə layiq görülüb.


Bu kateqoriya dünya üzrə ən güclü riyazi komandaların mübarizə apardığı qrupdur. Şagirdlərimiz Çin, ABŞ, Bolqarıstan, Yaponiya, Cənubi Koreya, Avstraliya  kimi  20-dən çox ölkənin komandaları ilə rəqabətdə yüksək nəticə göstəriblər.

Komandanın tərkibi:

●     Kənan Sadıxov - Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü respublika lisey

●     Nuray Hüseynli - Oxbridge Academy

●     Raul Quvalov - 72 nömrəli məktəb liseyi

●     Zəhra Abdullazada  - 23 saylı tam orta məktəb

●     Ziya İsmayılov -  Landau School

Yarış üç mərhələdən ibarət olub. İlk mərhələdə iştirakçılar fərdi raundda riyazi tapşırıqları həll ediblər. Ardınca yarım-komanda mərhələsi olan Estafet Raundu keçirilib. Son mərhələdə isə tam komanda raundu baş tutub və şagirdlər bu hissədə yüksək koordinasiya, məntiqi düşünmə və komanda işi nümayiş etdiriblər.

Azərbaycan komandasının əldə etdiyi bu nəticə ölkəmizin riyaziyyat sahəsində artan potensialının və şagirdlərimizin beynəlxalq arenada güclü rəqiblər fonunda öz sözünü deməsinin daha bir göstəricisidir.

Qeyd edək ki, növbəti il Dünya Riyaziyyat Çempionatı - WMTC 2026 Global Olympiad Centerin təşkilatçılığı ilə  29 noyabr – 2 dekabr 2026-c il tarixlərində Azərbaycanda keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə şagird Bakı şəhərində mübarizə aparacaq.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az