Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir.
Manset.az xəbər verir ki, bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Görülən işlər çərçivəsində Kəlbəcərin də elektrik şəbəkəsi yenidən qurulur. Rayonun ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır.
Alagöllər, Zəylik
və Zod kəndlərində yerləşən strateji obyektlərə və “İstisu” mineral su zavoduna
35 kV-luq ikidövrəli özünüdaşıyan
izolyasiyalı naqillər çəkilib,
transformator məntəqələri quraşdırılıb. Yanşaq və Zallar kəndlərinə də
35 kV-luq xətlərin çəkilişi başa çatıb.
Şəhər ərazisində
110/35 kV-luq yarımstansiyanın tikintisi davam edir. 35/0.4 kV-luq
yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzində isə işlər yekunlaşıb. Kəlbəcərə
köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4
kV-luq elektrik şəbəkəsi yenidən qurulub.
Qeyd
edək ki, “Azərişıq” ASC tərəfindən ölkənin digər regionlarındakı bir sıra kənd
və qəsəbələrdə istismar müddətini başa vurmuş elektrik təsərrüfatı yenidən
qurulur. Məqsəd vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin
olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.