Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində
“Şəhərlərin bərpasının təməlində minatəmizləmə fəaliyyəti” mövzusunda panel müzakirəsi təşkil
olunub.
Manset.az xəbər verir ki, paneldə çıxış edən
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki,
işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması yalnız
humanitar və təhlükəsizlik məsələsi deyil, həm də şəhərsalma, ərazi
planlaşdırılması və uzunmüddətli regional inkişaf prosesinin ayrılmaz
hissəsidir.
Komitə sədri qeyd
edib ki, münaqişədən sonrakı genişmiqyaslı bərpa proseslərində “əvvəl təmizlə,
sonra qur” yanaşmasından inteqrasiya olunmuş modelə keçid zəruridir. Minatəmizlmə fəaliyyətinə dair
məlumatlar ərazi planlaşdırılmasının mühüm komponentinə çevrilməli, torpaqların
təhlükəsizliyi və əlçatanlığı inkişaf prioritetlərinin müəyyənləşdirilməsində
nəzərə alınmalıdır.
Anar Quliyev
Azərbaycanın təcrübəsinin münaqişədən və böhrandan sonrakı bərpa prosesləri
üçün nümunə ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, təhlükəsiz
ərazilərin yaradılması yalnız minalardan təmizlənmiş torpaq sahələrinin
formalaşdırılması demək deyil. Bu proses həmin ərazilərdə şəhərlərin,
kəndlərin, məktəblərin, xəstəxanaların, yolların, enerji sistemlərinin,
iqtisadi fəaliyyətin və nəhayət, insanların təhlükəsiz şəkildə öz evlərinə
qayıtmasının əsasını təşkil edir.
“Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma
işləri bütöv ərazilərin transformasiyasını nəzərdə tutur. Bu baxımdan Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti ayrı-ayrı şəhər və yaşayış
məntəqələrinin planlaşdırılması ilə məhdudlaşmır, ərazilərin uzunmüddətli
inkişafını müəyyən edən məkan çərçivəsinin formalaşdırılmasını da əhatə edir”, — deyə
A.Quliyev əlavə edib.
Komitə sədrinin sözlərinə görə, bu
yanaşmanın praktiki ifadəsi olaraq təxminən 13 600 kv.km ərazini əhatə edən, 12
şəhər, 11 qəsəbə və 286 kəndi birləşdirən regionun Baş Planı hazırlanaraq
təhvil verilib. Bundan əlavə, bütün 12 şəhər, 106 qəsəbə və kəndin
ayrı-ayrılıqda da baş planları hazırlanıb. Bu planlar 24 700 hektardan çox
ərazini əhatə edir və təxminən 538 min nəfər üçün planlaşdırma çərçivəsi
yaradır.
Hazırda işğaldan
azad edilmiş ərazilərdə 12 şəhər və 80-dən çox kənd və qəsəbədə tikinti işləri
davam edir. Artıq 10 şəhər, 3 qəsəbə və 34 kənddə ilk yaşayış məhəllələri
istifadəyə verilib, indiyədək 16 500 yeni yaşayış vahidinin tikintisinə icazə
verilib.
Yaşayış
məskənlərində 30-dan çox məktəb və məktəbəqədər təhsil müəssisəsi fəaliyyət
göstərir, Qarabağ Universitetində isə 2 100-dən çox tələbə təhsil alır.
Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə artıq təxminən 90 min nəfər
yaşayır, işləyir və təhsil alır.
Bərpa prosesinin
yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmadığı, regionun
yeni nəqliyyat və iqtisadi bağlantı strukturunun formalaşdırılması məqsədilə 3
beynəlxalq hava limanı, 150 kilometrdən çox dəmir yolu bağlantısı və ümumi
uzunluğu 3 800 kilometrdən çox olan 68 yol layihəsinin həyata keçirildiyi
diqqətə çatdırılıb.
A.Quliyev çıxışında
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlığın da ərazi
planlaşdırılmasının inkişafında mühüm rol oynadığını bildirib. O, “Davamlı
şəhər inkişafı üçün inteqrasiya olunmuş məkan planlaşdırılması – Azərbaycan
Respublikasının Şərqi Zəngəzur regionunda ağıllı, dayanıqlı və inklüziv yaşayış
məntəqələrinə doğru” layihəsi çərçivəsində Kəlbəcər və Cəbrayıl rayonlarında
məkan planlaşdırılması üzrə işlərin aparılacağını açıqlayıb.
Qeyd edək ki, IV Beynəlxalq
Minatəmizləmə Konfransı Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı
nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
2006-cı ildə təsis edilmiş mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə ölkə üzrə
şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində vahid dövlət
siyasətini tənzimləyir. Qurumun əsas fəaliyyətinə Baş planların hazırlanması,
tikinti və planlaşdırma normalarına nəzarət, davamlı şəhər mühitinin
formalaşdırılması və milli memarlıq irsinin qorunması daxildir.
