Əmək müqaviləsi olmadan işləmək bir sıra sosial və əmək hüquqlarının itirilməsi ilə nəticələnə bilər.
Manset.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, əmək müqaviləsi əmək hüquqlarının əsas təminatlarından biridir.
Əmək müqaviləsi olmadan çalışan şəxslər iş yerində bədbəxt hadisə baş verdikdə sığorta ödənişi və müavinət almaq imkanından məhrum ola bilərlər.
Bundan başqa, belə şəxslər işsizlikdən sığorta ödənişi və icbari tibbi sığorta imkanlarından yararlana bilməzlər.
Əmək müqaviləsi olmadan işləyənlər iş vaxtından artıq çalışdıqları halda əlavə əməkhaqqı tələb etmək, eləcə də əmək məzuniyyətlərindən istifadə etmək hüququnda problemlərlə üzləşə bilərlər.
Həmçinin əmək münasibətlərinin rəsmiləşdirilməməsi gələcək pensiya təminatında çətinliklər yarada bilər.
Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşları əmək münasibətlərini rəsmiləşdirməyə və əmək hüquqlarını qorumağa çağırıb.