Manset.az xəbər verir ki, fəaliyyət Planında nəzərdə tutulan tədbirlərdən biri də cəzaçəkmə müəssisələrində sahibkarların (işəgötürənlərin) iştirakı ilə müxtəlif sahələr üzrə peşə təhsili və təlim proqramlarının həyata keçirilməsidir.
Bu məqsədlə Ədliyyə Nazirliyi tərəfindən cəzaçəkmə
müəssisələrində əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili və təlimlərin
keçirilməsi, habelə cəza çəkməkdən azad edilmiş məhkumları işə götürmə istiqamətlərində
dövlət və özəl tərəfdaşlarla əməkdaşlığı nəzərdə tutan “N.Ə.F.Ə.S.” (Nailiyyət,
Əməkdaşlıq, Fərdi inkişaf, Əmək, Sosial inteqrasiya) layihəsinə start verilib.
Layihə çərçivəsində ilk əməkdaşlıq “Azərişıq” ASC
ilə qurulub. Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə
müəssisəsində məhkumların peşə hazırlığının təşkili və praktiki bacarıqlarının
artırılması məqsədilə Ədliyyə Nazirliyi və “Azərişıq” ASC-nin birgə peşə
hazırlığı mərkəzi yaradılıb.
Noyabrın 18-də ədliyyə naziri Fərid Əhmədov və “Azərişıq”
ASC-nin sədri Vüqar Əhmədov N.Ə.F.Ə.S. peşə hazırlığı
mərkəzində olublar. Fərid Əhmədov və Vüqar Əhmədov mərkəzdə yaradılmış şəraitlə
tanış olub, təlim prosesinin təşkili ilə maraqlanıb, eləcə də “Elektrik
montyoru” peşə ixtisası üzrə təlimləri uğurla başa vuran məhkumlarla görüşüblər.
Tədbirdə “Elektrik montyoru” peşə ixtisası üzrə təlim
proqramını uğurla başa vuraraq müvafiq peşə bacarıqlarına yiyələnən 22 məhkuma
sertifikatlar təqdim edilib. Həmçinin təlim proqramını uğurla başa vurmuş və
cəza müddəti tamamlanmış şəxslərdən biri “Azərişıq” ASC-də müvafiq ixtisas üzrə
işlə təmin olunub, tədbirdə ona iş vəsiqəsi təqdim edilib.
Qeyd edək ki, yeni peşə hazırlığı mərkəzi tədris
otaqlarından və geniş təlim meydançasından (təcrübə poliqonu) ibarətdir. Mərkəzin
tədris otaqları və təcrübə poliqonu müvafiq tədris istiqamətlərinə uyğun
olaraq, ümumilikdə 128 adda 650 ədəddən çox zəruri texniki alət, avadanlıq,
qurğu və məlumatverici lövhə, eləcə də tədris materialları ilə təchiz edilib.
Mərkəzdə əmək bazarının tələbləri və “Azərişıq”
ASC-nin fəaliyyət istiqamətləri nəzərə alınmaqla elektrik montyoru, uçota
nəzarət və sayğacquraşdırma,
elektrik çilingəri, elektrik qaynaqçısı, texnik-operator peşə istiqamətləri üzrə
təlimlərin təşkili planlaşdırılır.
Mərkəzdə eyni vaxtda 75-80 məhkumun tədris alması
üçün imkanlar mövcuddur. Ümumilikdə, Mərkəzdə il ərzində müvafiq istiqamətlər
üzrə 500-550 məhkuma təlimlərin keçirilməsi nəzərdə tutulur. Hazırda növbəti
qruplar üzrə təlimlər davam etdirilir. Peşə hazırlığı proqramlarına məhkumlar tərəfindən
yüksək maraq göstərilir.
“Azərişıq”
ASC ilə əldə edilmiş razılığa əsasən digər cəzaçəkmə müəssisələrində də müvafiq
peşə hazırlığı mərkəzlərinin yaradılması nəzərdə tutulur.
“N.Ə.F.Ə.S.” layihəsi məhkumların peşə
bacarıqlarına yiyələnməsi ilə yanaşı, onların cəmiyyətə reinteqrasiyası, məşğulluq
imkanlarının genişləndirilməsi və təkrar cinayət törətmə riskinin azaldılması
baxımından mühüm əhəmiyyət daşıyır.
Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə dövlət və özəl tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, əmək bazarında tələbat olan digər peşələr üzrə təlim proqramlarının təşkili və uğurlu təcrübənin müxtəlif cəzaçəkmə müəssisələrində tətbiqi nəzərdə tutulur.