Rusiyanın Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar nəticəsində Avstriya və Niderland səfirliklərinin binalarına ziyan dəyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiha ABŞ-ın X sosial şəbəkəsindəki hesabında paytaxta edilən hücumlarla bağlı açıqlama yayıb.
Sibiha Rusiyanın hücumları nəticəsində xarici diplomatik nümayəndəliklərin zərər görməsinə münasibət bildirərək beynəlxalq ictimaiyyəti “Moskvaya qarşı qətiyyətli cavab verməyə” çağırıb.
Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger isə X hesabında yaydığı açıqlamada Avstriyanın Kiyevdəki səfirliyinin bilavasitə qarşısına döyüş sursatının düşdüyünü və nəticədə binaya ziyan dəydiyini bildirib.
Hücum zamanı səfirliyin əməkdaşlarından heç kimin xəsarət almadığını qeyd edən Meinl-Reisinger işçilərlə telefon vasitəsilə danışdığını və onların təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi barədə göstəriş verdiyini vurğulayıb.