logo
logo logo
logo

Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət 

16:25 - 23 Noyabr 2026

Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət 

Azərbaycanda qızılca və suçiçəyinə yoluxma ilə bağlı son vəziyyət açıqlanıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, son vaxtlar ölkədə qızılcaya yoluxanların sayı azalıb:

"Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət nəzarət altında saxlanılır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı epidemioloji təhlillərə əsasən, qızılca üzrə son aylarda yoluxma hallarının sayında azalma müşahidə olunur. Qeydə alınan hallar əsasən sporadik xarakter daşıyır. Yoluxma hallarının daha çox qızılcaya qarşı peyvənd olunmamış və ya peyvənd kursunu tam başa çatdırmamış şəxslər arasında müşahidə edilməsi diqqət çəkir".

Məlumatda bildirilib ki, hazırda ölkədə qızılca ilə bağlı epidemioloji vəziyyət nəzarət altındadır və əhali arasında narahatlıq yaradacaq xarakter daşımır:

"Xəstəliyin ilkin əlamətləri adətən yüksək hərarət, ümumi halsızlıq, öskürək, burun axması, gözlərin qızarması və sulanması ilə müşayiət olunur. Bir neçə gün sonra, əsasən üzdən başlayaraq bədənin digər nahiyələrinə yayılan səpgilər meydana çıxır. Bəzi hallarda ağız boşluğunun selikli qişasında xırda ağ ləkələr də müşahidə oluna bilər.

Qızılca pnevmoniya, otit və ensefalit kimi ciddi ağırlaşmalara səbəb ola bilər. Buna görə də xəstəliyin əlamətləri müşahidə olunduqda digər şəxslərlə, xüsusilə uşaqlarla təmasın məhdudlaşdırılması və vaxtında həkimə müraciət edilməsi vacibdir. Əhalinin diqqətinə çatdırırıq ki, qızılcadan qorunmanın ən effektiv yolu vaksinasiyadır. Valideynlər uşaqlarının Milli Peyvənd Təqviminə uyğun olaraq QPM (qızılca, parotit, məxmərək) vaksini ilə vaxtında və tam peyvənd olunmasını təmin etməlidirlər".

Açıqlamaya əsasən, suçiçəyi üzrə də ölkə ərazisində kütləvi yayılma və ya epidemioloji gərginlik müşahidə olunmur:

"Ayrı-ayrı yoluxma halları qeydə alınır ki, bu da xəstəliyin epidemioloji xüsusiyyətlərinə uyğun xarakter dașıyır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qızılcaya və suçiçəyinə qarşı epidemioloji nəzarət tədbirləri davam etdirilir, zərurət yarandıqda xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə müvafiq profilaktik və əksepidemik tədbirlər həyata keçirilir",-deyə nazirlikdən məlumat verilib.

Xatırladaq ki, son vaxtlar dünyanın müxtəlif ölkələrində qızılcaya yoluxma rekord həddə çatıb. Bəzi ölkələr qızılcadan azad ərazilər statusundan məhrum edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az