“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ötən il iyunun 15-də imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsidir”.
Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
O vurğulayıb ki, sənəddə bir sıra cavib məqamlar öz əksini tapıb:
“Bəyannamədə qeyd edilib ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq”.

Deputat vurğulayıb ki, sənəddəki hərbi-texniki əməkdaşlıq hər hansı bir üçüncü dövlətə qarşı da yönəlməyib:
“Amma ölkələrimizin hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, Azərbaycan və Türkiyə bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Onu da vurğulayım ki, Azərbaycanla Türkiyə arasında hərbi-texniki əmədaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi Şuşa Bəyannaməsində də qeyd olunub. Sənəddə həmçinin Azərbaycan ilə Türkiyə arasında olan siyasi, iqtisadi, mədəni və humanitar münasibətlərin ən yüksək zirvəyə yüksəldilməsi məsələləri də öz əksini tapıb”.
YAP funksioneri hesab edir ki, ümumilikdə tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkə başçısının həyata keçirdiyi fəaliyyətin zəfər nöqtəsidir:
“Bu sənəd həm də ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir".

Deputat deyib ki, hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur:
"Şuşa Bəyannaməsi təbii olaraq, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmağa imkan verəcək. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq və Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Bütün bunlardan əlavə, ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bir sözlə, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırmaqla bərabər əhatəli sülhə də yol açır”.