“Yüz milyonlarla tamaşaçı auditoriyasına malik Formula 1 yarışlarının həyəcanı növbəti dəfə ölkəmizdə yaşandı. Bakı 3 gün mötəbər yarışmaya - Azərbaycan Qran-Prisinə ev sahibliyi etdi”.
Manset.az xəbər verir ki, bu sözləri "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansı sədri Elmar Məmmədov bildirib. Onun sözlərinə görə, bu günlər ərzində dünyada avtomobil idmanına maraq göstərən hər kəsin diqqəti paytaxtımıza yönəlib:
“Artıq uzun illərdir Azərbaycan dünyada beynəlxalq siyasi, iqtisadi, mədəni və humanitar tədbirlərin keçirildiyi məkan kimi tanınır. Eyni zamanda respublikamız indiyədək mötəbər beynəlxalq idman tədbirlərinə də ev sahibliyi edib. Təbii ki, belə yarışların hər birində ölkəmiz yüksək təşkilatçılığı ilə fərqlənib və təqdir edilib. Bilirsiniz ki, Bakıda artıq altıncı dəfədir ki, Formula 1 yarışları keçirildi. Şəhərimiz bir neçə ildir ki, dünyanın sürət paytaxtına çevrilib.
Ümidvaram ki, bu möhtəşəm yarış gələcəkdə sürətlə bərpa olunan Qarabağımızda – “Zəfər yolu”muzda keçiriləcək. Dünyanın avtomobil idmanı azarkeşlərinin Azərbaycana olan diqqətini nəzərə alsaq, sürət sevərləri Qarabağımızın dilbər guşələrinə toplamaq təbliğatımıza da müsbət təsir edər”.