Bu gün Tbilisidən Bakıya uçmalı olan “Buta Airways” şirkətinin təyyarəsində gecikmə olub.
Manset.az xəbər verir ki, bu barədə jurnalist Teymur Maqsudov məlumat paylaşıb. O bildirib ki, səhər 08:30-da uçmalı olan təyyarəni 4 saat gözləyiblər: “Bu vaxt ərzində heç bir məlumat verilmədi. 12:15-də aeroportun nümayəndəsi dedi ki, təyyarədə nasazlıq var. Uçuş 23:50-dən tez olmayacaq. Sonra bizi siyahıya alıb hotellərə yerləşdirdilər. Bu proses 2 saata yaxın çəkdi. 100 sərnişin bu vəziyyətdə qaldı”.
Məsələ ilə bağlı "Buta Airways" aviaşirkətinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən "Qafqazinfo"nun müraciətinə cavab olaraq bildirilib ki, Tbilisi-Bakı (J2-9230 səhər reysi) reysinin uçuş saatı texniki səbəblərə görə gecikir: "Sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə axşam yola düşəcəklər. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər".