ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı Oman dənizində hərbi helikopterlərindən birinin fövqəladə vəziyyət səbəbindən suya məcburi eniş etdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, bildirilib ki, dörd nəfərlik ekipajdan üçü xilas edilib, bir nəfərin isə axtarışları davam edir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının 5-ci Donanması sosial şəbəkə hesabında hadisə ilə bağlı məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, USS George H.W. Bush aviadaşıyıcısında xidmət aparan MH-60S Sea Hawk tipli helikopterin uçuş heyəti Oman dənizində fövqəladə vəziyyət səbəbindən suya məcburi eniş edib.
Bəyanatda hadisənin düşmən hücumu və ya hər hansı qəsdən törədilmiş əməl nəticəsində baş verdiyini göstərən heç bir dəlilin olmadığı vurğulanıb.
Məlumata əsasən, xilas edilən üç ekipaj üzvü aviadaşıyıcıya çatdırılıb və onların sağlamlıq vəziyyəti qənaətbəxşdir.
Həmçinin bildirilib ki, bölgədə fəaliyyət göstərən ABŞ Hərbi Dəniz Qüvvələrinin bölmələri itkin düşən bir ekipaj üzvünün axtarışlarını davam etdirir. Hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparılır.