Cənubi Korenin Gyonqcu şəhərində yerləşən "Wolsong" Atom Elektrik Stansiyasında ağır su sızması baş verib. Səlahiyyətli qurumlar hadisə nəticəsində radiasiya ilə bağlı hər hansı təhlükənin qeydə alınmadığını açıqlayıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Kore Nüvə Təhlükəsizliyi və Mühafizəsi Komissiyasının məlumatına görə, stansiyanın 4 saylı reaktorunda hidrogen əvəzinə onun ağır izotopu – deyterium tərkibli yüksək sıxlığa malik sudan ibarət olan ağır su sızması baş verib.
Bildirilib ki, hadisə dövlətə məxsus "Korea Hydro & Nuclear Power" (KHNP) şirkəti tərəfindən çərşənbə günü yerli vaxtla saat 14:26-da aidiyyəti qurumlara çatdırılıb. İlkin hesablamalara əsasən, təxminən 208 kiloqram ağır su sızıb.
Açıqlamada vurğulanıb ki, sızan ağır su stansiyanın hüdudlarından kənara yayılmayıb və obyektin ətrafında radiasiya səviyyəsində hər hansı anormal göstərici qeydə alınmayıb.
KHNP bildirib ki, sızma aşkar edilən kimi ötən ilin iyul ayından planlı texniki yoxlamalar çərçivəsində fəaliyyətini dayandırmış 4 saylı reaktordakı müvafiq nasoslar dərhal söndürülüb.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün geniş araşdırmaya başlanılıb.