Venesuelada 24 iyunda baş verən zəlzələlər nəticəsində həlak olanların xatirəsinə ölkə üzrə 7 günlük ümummilli matəm elan olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Venesuela rəhbərliyi zəlzələlərin yaratdığı dağıntılar və insan tələfatı səbəbindən ölkənin dərin kədər içində olduğunu bildirib.
Venesuelanın müvəqqəti dövlət başçısı Delçi Rodriqes sosial şəbəkə hesabında yayımladığı açıqlamada zəlzələlər nəticəsində həyatını itirənlərin ailələrinin acısını bölüşdüklərini qeyd edib.
O bildirib: “Bu gün yaxınlarını itirən ailələrin ağrısını paylaşır, yaralılar, itkin düşənlər və fəlakətdən zərər çəkən bütün icmalar üçün dualar edirik. Həyatını itirənlərin xatirəsinə hörmət əlaməti olaraq, bu gün saat 18:00-dan etibarən 7 günlük ümummilli matəm elan edilməsi qərara alınıb. Bu dərin kədər anlarında bu faciəni yaşayan hər kəsin yanındayıq və onların təhlükəsizliyi üçün öhdəliyimizi bir daha təsdiqləyirik”.
Yerli mətbuatın məlumatına görə, zəlzələdən sonra aidiyyəti qurumlar 80 min 800-dən çox ailəyə humanitar yardım çatdırıb.