"Rusiya qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün Kiyev hakimiyyətinə təzyiqi artırmaqda davam edəcək".
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Moskvada keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və Moskvaya təzyiqin gücləndirilməsi ilə bağlı bəyanatını şərh edərək bildirib ki, Rusiya müəyyən etdiyi hədəflərə çatmaq üçün Kiyev hakimiyyətinə təzyiqi artırmağı davam etdirəcək.
Peskov qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Kiyev və digər yaşayış məntəqələrinə endirilən kütləvi zərbələrin nəticələri barədə Prezident Vladimir Putinə məruzə edib.
Kremlin sözçüsünün iddiasına görə, zərbələr yalnız hərbi və hərbi təyinatlı obyektlərə endirilib.
O, həmçinin Avropanı Rusiya ilə gərginliyi artırmaqda ittiham edərək bildirib ki, Avropa İttifaqı silahlanma və Moskva ilə qarşıdurma xəttini seçib, Rusiya isə bu proseslərə biganə qala bilməz.
Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri daha əvvəl yaydığı məlumatda Rusiya ordusunun ölkə ərazisinə 74 raket və 496 zərbə tipli pilotsuz uçuş aparatı ilə hücum etdiyini açıqlamışdı.