İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazının idarə olunması məsələsində qətiyyətli olduqlarını bildirərək, ABŞ-nin bu əraziyə hər hansı müdaxiləsinə imkan verməyəcəklərini bəyan edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qalibaf sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, o, İranın ali rəhbəri Əli Xamenei üçün təşkil olunan dövlət mərasimində iştirak etmək məqsədilə Tehrana səfər edən Çin nümayəndə heyəti ilə görüş keçirib.
O bildirib ki, Çin İranın çətin günlərində ölkənin yanında olub. Qalibafın sözlərinə görə, İran da müharibə və atəşkəs dövründə Hörmüz boğazından keçən Çin gəmilərinin hərəkətinə lazımi şərait yaradıb.
Qalibaf vurğulayıb ki, ABŞ-ın birtərəfli siyasəti fonunda İran və Çin arasında siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
"Hörmüz boğazının idarə olunması məsələsində qətiyyətliyik və ABŞ-ın bu boğaza hər hansı müdaxiləsinə imkan verməyəcəyik", – deyə İran parlamentinin sədri əlavə edib.