İtaliyanın Siciliya adasında müxtəlif ərazilərdə baş vermiş meşə yanğınlarının söndürülməsi istiqamətində yanğınsöndürmə, mülki müdafiə və meşə təsərrüfatı xidmətlərinin əməkdaşları gecə boyu fasiləsiz işləyiblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, güclü külək alovun daha geniş əraziyə yayılmasına səbəb olub.
Yerli mənbələrin məlumatına görə, adanın qərbində yerləşən Palermo şəhəri yaxınlığındakı Lonqa dağının ətəyində dünən başlayan meşə yanğını gecə saatlarında küləyin təsiri ilə daha da güclənib.
Palermo yaxınlığındakı Trabiya bölgəsində qeydə alınan digər meşə yanğını isə bir sıra avtomobil yollarının bağlanmasına səbəb olub və yaşayış məntəqələri üçün ciddi təhlükə yaradıb.
Alovun bəzi yaşayış evlərinə yaxınlaşdığı, bir neçə evin isə yanğın zonasının içərisində qaldığı bildirilir. Təhlükəsizlik qüvvələri və yanğınsöndürənlər risk altında olan sakinləri təhlükəsiz ərazilərə təxliyə ediblər.