Polşanın Baş naziri Donald Tusk ölkənin şərqində yerləşən Tarnava Koloniya kəndi yaxınlığına düşən obyektin böyük ehtimalla Rusiyaya məxsus X-101 qanadlı raketi olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, raket Ukraynanın Lvov şəhərinə hücum zamanı Ukrayna sərhədindən təxminən 100 kilometr aralıda yerləşən əraziyə düşərək 10 metr enində krater yaradıb.
Tusk bildirib ki, raketin mənşəyi ilə bağlı araşdırmalar davam edir və yekun nəticə hələ təsdiqlənməyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Polşa Müdafiə Nazirliyinin məlumatına görə, obyekt gecə saatlarında radarlarla aşkarlanıb, onun qarşısını almaq üçün F-16 qırıcısı havaya qaldırılsa da, raket radarlardan itib. Hazırda hadisə yerində ekspertiza aparılır.