Yaponiyanın Gifu prefekturasının Motosu şəhərində yerləşən şirniyyat mağazasında baş verən bıçaqlanma və yanğın nəticəsində azı üç nəfər ölüb.
Manset.az xəbər verir ki, bu barədə "Jiji" agentliyi məlumat yayıb.
Polisin məlumatına görə, hadisə zamanı mağazada 11 nəfər olub. Mağaza ziyarətçilər üçün bağlı olub və burada şirniyyat mağazası əməkdaşlarının qapalı görüşü keçirilib. Şahidlərin sözlərinə görə, görüş iştirakçılarından biri digər şəxsi bıçaqlayıb, daha sonra mağazaya benzin tökərək oranı yandırıb.
Təxminən 300 kvadratmetr sahəsi olan ikimərtəbəli şirniyyat mağazası tamamilə yanıb. Dağıntıların sökülməsi zamanı iki nəfərin meyiti aşkarlanıb. Üç yaralı xəstəxanaya çatdırılıb və onlardan biri aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.
Həlak olanlar arasında hücum edən şəxsin olub-olmadığı hələlik açıqlanmayıb. Onun şəxsiyyəti və hadisəni törətmək motivləri də açıqlanmır.