Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın 7 oktyabr 2023-cü il hadisələrindən təxminən 10 gün əvvəl İsrailin Baş naziri Binyamin Netanyahunu “Qəzza zolağından hücum olacağı” barədə xəbərdar etdiyi iddia edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun xəbərdarlığı ciddi qəbul etmədiyi və hücumun Qəzza zolağından deyil, İordan çayının qərb sahilindən baş verəcəyini düşündüyü irəli sürülüb.
İsrailin “Haaretz” qəzetinin çoxsaylı mənbələrə və yüksəkvəzifəli rəsmilərə istinadən hazırladığı araşdırma yazısında BƏƏ liderinin 2023-cü ilin sentyabr ayının sonunda Netanyahu ilə 45 dəqiqəlik telefon danışığı apardığı bildirilib.
Birbaşa Bin Zayedin müşavirinə istinad edilən və telefon danışığı barədə üç yüksəkvəzifəli xarici rəsmiyə məlumat verildiyi qeyd olunan xəbərdə BƏƏ prezidentinin İsrailin Baş nazirinə HƏMAS-ın sabiq lideri Yəhya Sinvarın Qəzza zolağından İsrailə genişmiqyaslı hücum planlaşdırdığı barədə xəbərdarlıq etdiyi iddia olunub.
Buna baxmayaraq, Netanyahunun bu məlumatı təhlükəsizlik rəsmilərinə çatdırmadığı və hər hansı qabaqlayıcı tədbir görmədiyi bildirilib.
Xəbərdə Bin Zayedin Netanyahunu Sinvarın İsraildə qan tökülməsinə səbəb ola biləcək mümkün fəaliyyətinin bölgədə sabitliyi poza və İsrail ilə ərəb ölkələri arasında imzalanmış “İbrahim sazişləri”nə zərər vura biləcək miqyasda olduğu barədə xəbərdar etdiyi də iddia olunub.