ABŞ-nin Nyu-Meksiko ştatının qubernatoru Mişel Luhan Qrişam Prezident Donald Trampın ştatın adının “Yeni Amerika” kimi göstərildiyi xəritəni paylaşmasına reaksiya verərək Nyu-Meksikonun adının müzakirə mövzusu olmadığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Meksiko qubernatoru Qrişam ABŞ-da fəaliyyət göstərən “X” sosial şəbəkəsindəki hesabında Trampın “Nyu-Meksiko” əvəzinə “Yeni Amerika” yazılmış xəritəni paylaşmasına etiraz edib.
Qrişam Trampın İrandakı müharibə və artan neft qiymətlərinin yaratdığı problemlərdən diqqəti yayındırmağa çalışdığını iddia edərək deyib: “Nyu-Meksikonun adı müzakirə mövzusu deyil. ABŞ qurulmazdan əvvəl də bizim adımız bu idi”.
Qrişam amerikalıların ərzaq alış-verişinə daha çox pul xərclədiyini, səhiyyə xidmətlərinə çıxış imkanlarının isə azaldığını bildirərək Nyu-Meksikoda Demokratların rəhbərliyi ilə əhaliyə xidmət göstərildiyini qeyd edib.
Nyu-Meksiko qubernatoru bildirib: “Ağ Ev xəritələrin üzərində dəyişikliklər etməklə vaxtını boşa sərf etdiyi halda, Nyu-Meksiko öz işini görməklə məşğuldur”.
ABŞ-ın sabiq Daxili İşlər naziri Deb Hollənd də “X” hesabında paylaşım edərək, “Nyu-Meksikonu Nyu-Meksiko edən dəyərlərin hər zaman arxasında dayanacağam” deyib və seçki kampaniyası tədbirində çəkilmiş videonu yayımlayıb.