Dələduzlar saxta müəllif hüquqları iddialarından istifadə edərək “Instagram” istifadəçilərindən pul tələb edirlər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dələduzlar “Meta” şirkətinə məxsus platformaya əsassız müəllif hüquqları şikayətləri göndərərək hesabların dayandırılmasına nail olur, daha sonra isə şikayətləri geri götürmək müqabilində istifadəçilərdən pul tələb edirlər.
BBC-nin məlumatına görə, 1,5 milyondan çox izləyicisi olan bir “Instagram” istifadəçisi 2026-cı ildə onlarla saxta müəllif hüquqları şikayəti ilə üzləşib.
Tarixi fotoşəkillər paylaşan istifadəçi məzmunlarının ictimai mülkiyyətə aid olduğunu və ya hüquq sahiblərindən lazımi icazələri aldığını bildirib. Buna baxmayaraq, eyni elektron poçt ünvanından göndərilən çoxsaylı müəllif hüquqları şikayətləri nəticəsində onun bəzi paylaşımları silinib, hesabı isə müvəqqəti olaraq bağlanıb.
Şikayətləri göndərən şəxslər daha sonra istifadəçidən “Telegram” vasitəsilə onlarla əlaqə saxlamağı istəyib və iddiaları geri götürmək müqabilində pul tələb ediblər.
İstifadəçi hesabını daha tez bərpa edə bilmək üçün şantajçılardan birinə kriptovalyuta ilə 50 dollar ödəyib. Lakin ödənişdən qısa müddət sonra onun hesabına qarşı yeni müəllif hüquqları şikayətləri daxil olub.