Moskva rəhbərliyi Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli ilə bağlı danışıqların yenidən başlayacağına ümid etdiyini bildirib. Kremlin sözçüsü Dmitri Peskov “Böhranın sülh yolu ilə həllini həqiqətən istəyirik. Rusiya bu prosesə açıqdır” deyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Peskov Moskvada jurnalistlərlə görüşündə sentyabrın 12-13-də Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək BRİKS sammiti ərəfəsində gündəmdəki məsələləri dəyərləndirib.
Kremlin sözçüsü ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskva və Kiyevdə təmaslar apardığını xatırladıb.
“Ciddi iş aparılır. ABŞ-ın danışıqlar üzrə nümayəndələri hazırda Moskva və Kiyevdə təmaslar keçirərək hər iki tərəfin mövqelərini çatdırmaq üçün vaxt və səy sərf edirlər. Bu istiqamətdə müəyyən irəliləyişin əldə olunacağına ümid edirik. Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə üçtərəfli formatda danışıqların yenidən başlayacağına ümid edirik”, – deyə Peskov bildirib.