Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus "Flydubai" aviaşirkətinin Dubay–Təl-Əviv marşrutu üzrə uçuş həyata keçirən sərnişin təyyarəsinin havada fövqəladə vəziyyət və qaçırılma siqnalları göndərdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Dubaydan havaya qalxan təyyarə İordaniya hava məkanı üzərində uçarkən əvvəlcə ümumi fövqəladə vəziyyəti bildirən “7700”, qısa müddət sonra isə təyyarənin qaçırıldığını bildirən “7500” kodunu göndərib.
Siqnalların ardınca İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin sərnişin təyyarəsinə doğru havaya qalxdığı bildirilib. Təyyarə bir müddət İordaniya səmasında dövrə vurduqdan sonra Səudiyyə Ərəbistanına istiqamət alıb. Təyyarədə təxminən 100 İsrail vətəndaşının olduğu qeyd edilib.
Yedioth Ahronot qəzeti İsrailin Baş naziri Binyamin Netanyahunun çoxsaylı israilli sərnişinləri daşıyan təyyarənin fövqəladə vəziyyət və qaçırılma siqnalları göndərməsindən sonra məsləhətləşmələr aparmaq üçün yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə təcili görüş keçirdiyini yazıb.
Daha sonra Kanal 12 təyyarəni idarə edən iki pilotun arasında mübahisə baş verdiyini açıqlayıb. Bildirilib ki, mübahisə zamanı pilotlardan biri huşunu itirib və bu zaman fövqəladə vəziyyət kodu səhvən göndərilib.
Mətbuatda pilotlardan birinin Ukrayna, digərinin isə Rusiya vətəndaşı olduğu barədə iddialar da yer alıb.
Həmçinin pilotlardan birinin intihar edərək təyyarəni yerə çırpmağa cəhd göstərməsi və israilli sərnişinlərin bunun qarşısını almağa çalışması ehtimalının araşdırıldığı bildirilib.
Təyyarənin Təl-Əvivə çatmasına təxminən 40 dəqiqə qalmış, İordaniya səmasında yerli vaxtla saat 09:08-də ilk fövqəladə vəziyyət kodunu göndərdiyi qeyd olunub. Pilotlar arasındakı mübahisə səbəbindən təyyarənin 14 min fut hündürlükdə enişə başladığı, lakin daha sonra idarəetmənin bərpa edilərək Səudiyyə Ərəbistanına endiyi bildirilib.
İsrail Baş nazirinin dəftərxanasından verilən açıqlamada hadisənin təyyarənin qaçırılması cəhdi olmadığı bildirilib.
Baş nazirin dəftərxanasının digər açıqlamasında isə vəziyyətin nəzarətə götürüldüyü və israilli sərnişinlərin təhlükəsiz şəkildə ölkəyə qayıtması üçün bütün tədbirlərin görüldüyü vurğulanıb.
Flydubai şirkətinin baş icraçı direktoru isə qısa müddət ərzində Dubaydan Səudiyyə Ərəbistanına əlavə təyyarə göndəriləcəyini və sərnişinlərin İsrailə aparılacağını bildirib.
Kanal 12-yə danışan yüksək vəzifəli israilli rəsmi hadisənin Təl-Əvivdə terror aktı kimi araşdırıldığını və “böyük faciənin son anda qarşısının alındığını” iddia edib.
Xəbərdə Oman vətəndaşı olduğu iddia edilən ikinci pilotun kapitanı dəfələrlə bıçaqladığı da bildirilib. İddialara görə, kabin heyəti və bəzi sərnişinlər kokpitin qapısını sındıraraq içəri daxil olub və ikinci pilota müdaxilə ediblər.
Bildirilib ki, kokpitə daxil olan sərnişinlər arasında pilotlar da olub və onların müdaxiləsi nəticəsində təyyarənin yerə çırpılmasının qarşısı alınıb.
Təyyarə Səudiyyə Ərəbistanına endikdən sonra ikinci pilotun dindirildiyi və onun təyyarəni yerə çırpmaq niyyətində olduğuna dair şübhələri gücləndirən məlumatların artdığı vurğulanıb.