“Əlində avtomat olan azərbaycanlı əsgər saxlanılarkən heç bir müqavimət göstərməyib və başa düşdüyüm qədər, xəsarət alıb”.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 7-də parlamentdə hökumət saatı zamanı deyib.
O, məhz bunun əsgərin saxlanılması görüntülərinin yayımlanmamasına səbəb ola biləcəyini istisna etməyib. Bununla belə, Paşinyan saxlanılma prosesinin çəkilib-çəkilmədiyini deyə bilməyib və məsələni dəqiqləşdirərək əlavə məlumat verəcəyini bildirib.
Baş nazir eyni zamanda hüquq-mühafizə orqanlarındakı həmkarlarından insanların saxlanılması görüntülərinin yayımlanmasından çəkinməyi xahiş etdiyini etiraf edib.
Paşinyan qeyd edib ki, son zamanlar “erməni, türk, azərbaycanlı” kimi ifadələrin vurğulanmasının səbəbi ilə bağlı suallar səslənir:
“Bunun üzərində niyə bu qədər dayanılır? Bu nə verir? Bu hadisənin bizim informasiya məkanında gördüyümüz bütün spekulyasiyalarla heç bir əlaqəsi yoxdur”.
Paşinyanın sözlərinə görə, məsələ o həddə çatıb ki, insanlar əldə olunmuş sülhü şübhə altına alırlar.
“Bu hadisədən əvvəl də sülhü şübhə altına alırdılar. Belə insanlar üçün nə baş verdiyinin, bunun nə üçün və hansı şəraitdə baş verdiyinin heç bir əhəmiyyəti yoxdur”, - deyə Paşinyan əlavə edib.