ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş yüksək vəzifəli əməkdaşı dövlət hesabına “saxta məxfi proqramlar” təşkil edərək 195 milyon dollardan çox vəsait əldə etməsi ilə bağlı dələduzluq ittihamını qəbul edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən ayrılmadan əvvəl qurumun casusluq əməliyyatlarında istifadə olunan texnologiyaların hazırlanmasına cavabdeh olan Elm və Texnologiya Direktorluğunda yüksək vəzifəli rəhbər kimi çalışmış Devid Raşın işi ilə bağlı məhkəmə iclası ABŞ-ın Virciniya ştatında federal məhkəmədə keçirilib.
“Vaşinqton Post” qəzetinin məlumatına görə, məhkəməyə təqdim olunan sənədlərdə Raşın 2025-ci ilin noyabrından 2026-cı ilin martınadək MKİ-nin tərkibində “saxta məxfi proqramlar” yaratdığı və əməliyyat xərcləri adı altında dövlətdən ümumi dəyəri 195 milyon dollardan çox olan xarici valyuta və qızıl tələb etdiyi bildirilib.
Qeyd olunur ki, Raş bu vəsait hesabına Floridada hər birinin qiyməti 20 milyon dollar olan iki malikanə, ümumi dəyəri 53 milyon dollardan çox olan iki torpaq sahəsi və bahalı avtomobillər alıb.
Bundan əlavə, onun dövlət vəsaiti hesabına ümumi dəyəri təxminən 46 milyon dollar olan 298 külçə qızıl aldırdığı da bildirilir.