ABŞ-da yerləşən Pew Araşdırma Mərkəzinin 2070-ci ilədək olan dövrü əhatə edən əhali proqnozları dünyada dini qrupların say nisbətinin dəyişəcəyini göstərir. Araşdırmaya əsasən, 2035-ci ildə müsəlman əhalinin sayı xristianları geridə qoya bilər. 2070-ci ildə dünyada müsəlmanların sayının 3,6 milyardı ötəcəyi gözlənilir. Hindu əhalinin sayı artmaqda davam etsə də, dünya əhalisi içərisindəki payının azalacağı proqnozlaşdırılır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hazırda dünyanın ən böyük dini qrupu hesab olunan xristianlar 2035-ci ildə bu mövqelərini müsəlmanlara verə bilərlər.
Pew Araşdırma Mərkəzinin noyabrın 18-də dərc etdiyi yeni araşdırmaya görə, 2035-ci ildə dünyada müsəlmanların sayının 2,57 milyarda, xristianların sayının isə 2,52 milyarda çatacağı gözlənilir.
Araşdırmada 2020-2070-ci illər ərzində 201 ölkə və ərazidə baş verəcək demoqrafik dəyişikliklər təhlil edilib.
Birləşmiş Millətlər Təşkilatının əhali statistikası və milli siyahıyaalma məlumatları əsasında hazırlanan tədqiqatda doğum göstəriciləri, yaş bölgüsü, ölüm səviyyəsi, miqrasiya və din dəyişmə halları nəzərə alınıb.
Pew Araşdırma Mərkəzinin tədqiqatçılarının qənaətinə görə, müsəlman əhalinin sayının xristianları üstələməsində əsas amil doğum səviyyəsinin daha yüksək olmasıdır.
Hər iki dini qrupa mənsub əhalinin sayının artacağı gözlənilsə də, müsəlman əhalinin artım tempinin daha yüksək olacağı proqnozlaşdırılır.