ABŞ-ın Los-Anceles şəhərində 3 övladı evdə ölü tapılan ana qətldə şübhəli bilinərək həbs edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-nin Los-Anceles şəhəri polisindən verilən açıqlamada bildirilib ki, dünən yerli vaxtla saat 07:45-də Vest Hillsdəki bir evə atəş səsləri eşidildikdən sonra basqın edilib.
Reyd zamanı hadisə yerinə gələn polislər 8-12 yaşlarında biri qız, 2-si oğlan olmaqla 3 uşağın meyitini aşkarlayıb.
Los-Anceles polisi saxlanılan ananın dindirildikdən sonra qətl şübhəsi ilə həbs edildiyini və psixoloji müayinə üçün xəstəxanaya göndərildiyini açıqlayıb.
Analar Günündə baş verən hadisə ilə bağlı açıqlama verən şübhəli ananın qonşusu Prisila Kanales hadisədən bir gün əvvəl ananın "Ailəm məni incidir" deyən fəryadlarını eşitdiyini bildirib.
Qadının qışqırığından onun yaxşı olmadığının anlaşıldığını bildirən Kanales ailənin 2-3 ay əvvəl məhəlləyə köçdüyünü deyib.
Polisdən verilən açıqlamada, uşaqların ölüm səbəbi ilə bağlı təfərrüatlar verilməsə də, hadisə ilə bağlı istintaqın davam etdiyi bəyan edilib.