Amerika Federal Təhqiqat Bürosunun (FTB) agentləri ötən axşam ABŞ-nin keçmiş prezidenti Donald Trampın Floridadakı evində axtarış aparıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp, Ağ Evi tərk edərkən bəzi məxfi sənədləri özü ilə aparıb-aparmaması ilə bağlı olan axtarışı “basqın” kimi qiymətləndirib:
“Mənim gözəl evim, Mar-A-Laqo hazırda mühasirədədir. FTB agentlərinin böyük bir qrupu evimə basqın etdi”.
Milli Arxiv İdarəsi 20 yanvar 2021-ci ildə Ağ Evi səs-küylü tərk edən Trampdan vəzifədə olduğu dövrlə bağlı sənədləri, sənədləri və materialları təhvil verməsini istəyib.
Amerika qanunlarına görə, prezidentlər səlahiyyət müddəti bitdikdən sonra hədiyyələr, ofis ləvazimatları da daxil olmaqla hər cür məktub və yazışmaları Milli Arxiv İdarəsinə təhvil verməyə borcludurlar.
Lakin onların əksəriyyətini geri qaytarmayan Trampın Ağ Evdən Floridadakı evinə 15 qutu ləvazimat apardığı ortaya çıxıb.
Rəhbərliyin təkidi ilə ilin əvvəlində həmin qutular geri qaytarılıb. Sözügedən 15 qutuda Trampın Şimali Koreya lideri Kim Çen Inla yazışması və keçmiş prezident Barak Obamanın xələfi üçün Oval kabinetdə qoyduğu məktub olduğu bildirilib.
Həmçinin nitq qeydləri, ad gününün şam yeməyi menyusu və sair olan qutularda sənədlərin inventarının 100 səhifə olduğu iddia edilib. İndi FTB qalan şeyləri axtarır.