Çində fəaliyyət göstərən “NetDragon Websoft” mobil oyun şirkəti süni intellektlə işləyən virtual insanabənzər robot "Tang Yu"nu törəmə şirkəti "Fujian NetDragon Websoft"un baş direktoru təyin edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkətin bəyanatına görə, Tang Yu proseslərin gedişatını sadələşdirəcək, iş tapşırıqlarının keyfiyyətini yüksəldəcək və icra sürətini artıracaq.
Süni intellektlə işləyən qadın robot həm də gündəlik əməliyyatlarda rasional qərarların qəbulunu dəstəkləmək və daha effektiv risklərin idarə edilməsi sistemini təmin etmək üçün real vaxt rejimində məlumat mərkəzi və analitik alət rolunu oynayacaq.
Bundan əlavə, ilk virtual CEO-nun istedadların inkişaf etdirilməsində və bütün işçilər üçün ədalətli və məhsuldar iş yerinin təmin edilməsində mühüm rol oynaması gözlənilir.
10 milyard dollarlıq şirkəti idarə edəcək CEO robotun heç bir fiziki bədəni olmayacaq və tamamilə virtual mühitdə mövcud olacaq.
Robot Fujian NetDragon Websoft şirkətinin növbəti ən yüksək səviyyəli meneceri olacaq. Şirkətin bütün əməliyyatları robotun üzərinə düşəcək.