"Qarabağ"ın U-12 komandası beynəlxalq turnirə qələbə ilə başladı 

15:16 - 06 Dekabr 2025

\"Qarabağ\"ın U-12 komandası beynəlxalq turnirə qələbə ilə başladı 

"Qarabağ"ın U-12 komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.


Manset.az Report-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi "Kızıljar" (Qazaxıstan) komandasını 2:0 hesabı ilə məğlub edib.

"Qarabağ"ın baş məşqçisi Şöhrət Yusifov "Report"a açıqlamasında belə oyunların gənc futbolçuların beynəlxalq təcrübəsinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

"Oyunun nəticəsi o qədər də əhəmiyyətli deyil. Bu yaşda uşaqların texniki-taktiki inkişafı daha vacibdir".

Onun sözlərinə görə, turnirdən gözləntilər uşaqların inkişafı ilə bağlıdır. Çünki hər bir oyun onlar üçün təcrübədir:

"Uşaqlar yaxşı oyun nümayiş etdirə bilsələr, düşünürəm ki, ən azı turnirin mükafatçıları olacaqlar".

Qeyd edək ki, Azərbaycan komandası beynəlxalq yarışda ümumilikdə 6 oyun keçirəcək. Qazaxıstan, Azərbaycan, Rusiya, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Tacikistan təmsilçilərinin yer aldığı turnirə dekabrın 8-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az