“Qalatasaray” yay transfer dövründə heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir. İstanbul təmsilçisinin əsas hədəflərindən birinin isə Bruno Fernandes olduğu bildirilir.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, “Qalatasaray” rəhbərliyi 10 nömrə mövqeyini gücləndirmək niyyətindədir və bu məqsədlə Bruno Fernandesi transfer siyahısına daxil edib.
Hazırda Portuqaliya millisinin heyətində Dünya Çempionatında çıxış edən təcrübəli yarımmüdafiəçi xarici mətbuata açıqlamasında turnir başa çatana qədər transfer məsələsini gündəminə gətirməyəcəyini bildirib. Məlumata əsasən, “Qalatasaray” rəhbərliyi də Portuqaliyanın turnirdəki çıxışının başa çatmasını gözləyəcək.
Transferin reallaşması yolunda əsas maneə isə 31 yaşlı futbolçunun “Mançester Yunayted” klubundan ayrılmaq istəməməsidir. Bruno Fernandes yeni mövsümdə “UEFA Champions Leaguen”də mübarizə aparacaq İngiltərə təmsilçisində kapitan kimi çıxışını davam etdirmək niyyətindədir. Məhz buna görə də o, Səudiyyə Ərəbistanı klublarından aldığı yüksək məbləğli təklifləri həm qış, həm də yay transfer dövründə geri çevirib.
2028-ci ilin yayına qədər müqaviləsi qüvvədə olan futbolçunu “Mançester Yunayted” rəhbərliyi də komandadan göndərmək niyyətində deyil.
Buna baxmayaraq, “Qalatasaray”ın transferə cavabdeh rəhbər şəxslərinin həm “Mançester Yunayted”, həm də Bruno Fernandeslə danışıqlar aparmağı planlaşdırdığı qeyd olunur.