Hakan Fidan Ankarada media nümayəndələri ilə iftar proqramında çıxış edərək bildirib ki, Yaxın Şərqdə son hadisələr həm regional, həm də qlobal sabitlik üçün risk yaradır.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Fidanın sözlərinə görə, hazırda İranda rejim dəyişikliyinə səbəb olacaq daxili dalğalanma görünmür. Ən pis ssenari isə münaqişənin genişlənərək bütün regionu əhatə etməsidir. O qeyd edib ki, İran qazının kəsilməsi və ya Hörmüz boğazının bağlanması qlobal enerji bazarlarında ciddi böhran yarada bilər.
Türkiyənin müharibənin qarşısını almaq üçün diplomatik səylər göstərdiyini deyən Fidan, hücumların danışıqlar prosesində başlamasının İran tərəfindən “diplomatiyaya xəyanət” kimi qiymətləndirildiyini vurğulayıb.
Nazir həmçinin bildirib ki, Türkiyə bütün ssenarilərə hazırdır:
“İran məsələsindən asılı olmayaraq deyirəm, Türkiyə özünü hər zaman qoruyur. Bunun üçün həm iradəmiz, həm də imkanlarımız var.”
Fidan əlavə edib ki, Ankara atəşkəs və diplomatiyaya qayıdış üçün intensiv təmaslar aparır, Avropa ölkələri və region dövlətləri ilə danışıqlar davam edir. Bölgədə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyi yaxından izlənilir və hazırda ciddi problem yoxdur.