Yaponiyanın Tiba prefekturasında güclü leysan yağışları və daşqın doqquz nəfərin ölümünə səbəb olub, bir nəfər isə itkin düşüb.
Manset.az NHK One-a istinadən xəbər verir ki, daşqın 1256 binaya, 1200 avtomobilə ziyan vurub, bir sıra yollar dağılıb, elektrik və su təchizatında fasilələr, həmçinin qatarların hərəkətində gecikmələr yaranıb.
Qeyd olunub ki, əlverişsiz hava şəraiti regionun 22 şəhər və qəsəbəsinə təsir edib. Meteoroloqların məlumatına görə, Çiba şəhərinə yarım gün ərzində bütün avqust ayı üçün orta hesabla düşən yağıntıdan təxminən üç dəfə çox yağıntı düşüb.
Avqustun 16-sı səhər saatlarınadək 100-dən çox insan müvəqqəti yaşayış mərkəzlərinə təxliyə edilib, daşqının fəsadlarından 600-ə yaxın insan zərər çəkib.
Yaponiya Meteorologiya Agentliyi leysan yağışlarının gecə ərzində davam edəcəyi və torpaq sürüşməsi riski barədə xəbərdarlıq edib.