“Bunu nəzərə almırsınızsa, siz xəyallarla yaşayırsınız”

15:00 - 03 Mart 2026

“Bunu nəzərə almırsınızsa, siz xəyallarla yaşayırsınız”

“Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir”.


Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarındakı çıxışı zamanı bildirib.

“Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır.

Vurğulamaq istəyirəm ki, bunlar anlaşma memorandumları deyil, müqavilələrdir, beləliklə, tərəflərin müqavilə öhdəlikləri var. Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik.

Bütün bunlar mənim və ABŞ-nin Vitse-prezidenti tərəfindən imzalanan Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasından sonra artıq üzərində iş gedən layihələrdir. Bu Xartiya bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir”, - dövlət başçısı qeyd edib.

Prezident vurğulayıb ki, dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür: “Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək.

Beləliklə, hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, - biz hazırda bu məsələni araşdırırıq, - qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilir və işin məhz belə aparılması zəruridir. Müzakirə etdiyimiz məsələyə qayıdaraq qeyd edim ki, hətta COP29 çərçivəsində - bu iqlim konfransına ev sahibliyi etdiyimiz zaman da bildirmişdim, baxmayaraq ki, o dövrdəki tendensiya ilə tam uyğun olmadığını anlayırdım, faydalı qazıntı yanacaq növlərini nəzərə almamaq mümkün deyil. Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az