logo
logo logo
logo

Azərbaycanda elmi-kütləvi və mədəni-maarif istiqamətində hansı işlər görülür?  

14:50 - 26 Noyabr 2026

Azərbaycanda elmi-kütləvi və mədəni-maarif istiqamətində hansı işlər görülür?  

Azərbaycanda elmi-kütləvi tədbirlərin təşkili, mədəni-maarif işinin genişləndirilməsi və təhsil proqramlarının hazırlanması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Fənn olimpiadaları, intellektual yarışmalar, rəqəmsal bacarıqların yoxlanılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə mədəni tədbirlərin təşkili bu istiqamətdə görülən işlər sırasındadır.

Bəs həyata keçirilən layihələr elmi-kütləvi və mədəni-maarif fəaliyyətinin inkişafına nə dərəcədə töhfə verir? Bu sahədə hansı addımlar atılır?


Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi mövzu ilə bağlı Manset.az-a açıqlamasında bildirib ki, elmi-kütləvi tədbirlərin təşkili və təhsil proqramlarının hazırlanması istiqamətində Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumlar tərəfindən müəyyən tədbirlər həyata keçirilir. Ekspertin sözlərinə görə, bu istiqamətdə fənn olimpiadalarının təşkili, “Steam Azərbaycan” layihəsi və “BilBacar” yarışması kimi təşəbbüslər şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasına xidmət edir:


“Bütün bu vasitələrlə şagirdlərin rəqəmsal bacarıqları, ümumi bilik və qabiliyyətləri yoxlanılır.

Bundan əlavə, mədəni-maarif istiqamətində də müxtəlif tədbirlər keçirilir. Bu sıraya həm Mədəniyyət Nazirliyinin, həm də Elm və Təhsil Nazirliyinin təşkil etdiyi layihələri aid etmək olar. Məsələn, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Şuşa şəhərində musiqi və muğam müsabiqələri təşkil olunur. Ümumilikdə, bu istiqamətdə görülən işləri və atılan addımları müsbət qiymətləndirmək lazımdır”.

Elçin Əfəndi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə mədəni-maarif fəaliyyətinin genişləndirilməsi ilə yanaşı, beynəlxalq əməkdaşlıq çərçivəsində də yeni təşəbbüslər nəzərdə tutulur. Onun sözlərinə görə, müxtəlif ölkələrlə birgə layihələr, təhsil müəssisələrinin yaradılması və xarici təhsil modellərinin tətbiqi bu baxımdan əhəmiyyətlidir:

“Dövlət əhəmiyyətli tədbirlərin təşkili də diqqət mərkəzindədir. Həmin ərazilərdə elmi-kütləvi və maarifləndirmə istiqamətində yeni məktəb tikintiləri də həyata keçirilir. Bu işlər dövlətimizin digər ölkələrlə əməkdaşlığı çərçivəsində də davam etdirilir. Özbəkistan, Qazaxıstan və Türkiyə ilə bağlı bu istiqamətdə nümunələr var. Yaxın vaxtlarda Türkiyə tərəfindən yeni məktəb tikintisinin təməli qoyulub. Eyni zamanda, Türkiyə peşə təhsil modelinin işğaldan azad edilmiş ərazilərdə tətbiqi ilə bağlı layihələr nəzərdə tutulur. Bütün bunları ümumilikdə müsbət qiymətləndirmək olar.

Gənclərin maarifləndirilməsi istiqamətində də dövlət tərəfindən müəyyən addımlar atılır. Bu çərçivədə "Bir tələbə-könüllü" proqramı, eləcə də "Məktəblinin dostu" kimi layihələr həyata keçirilib. Hesab edirəm ki, bu təşəbbüslər gənclərin maarifləndirilməsi və ictimai fəallığının artırılması baxımından müsbət qiymətləndirilməlidir”.


Fidan Vəlisoy

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az