"Radikal müxalifətin məkirli niyyəti ictimai -siyasi sabitliyi pozmaqdır" - Aydın Hüseynov

19:18 - 16 Aprel 2024

“Bu gün Azərbaycanın dünyada nüfuzu artmaqdadır. İqtisadi imkanları, insan resursları, əlverişli coğrafi mövqedə yerləşməsi, münbit investisiya mühiti, xüsusən də 44 günlük müharibədən qalib olaraq ayrılması, suveren hüquqlarını ərazilərinin bütünündə təmin etməsi ölkəmizə olan diqqəti genişləndirib.  Beynəlxalq birlik Azərbaycanda gedən prosesləri bütün vasitələrlə izləyir və analiz edir. Ölkəmizdə tətbiq olunan yeni inkişaf modeli, beynəlxalq təcrübəyə istinadən həyata keçirilən islahatlar Azərbaycanın nüfuzunu bir daha yüksəklərə qaldırıb. Əldə etdiyimiz uğurlar dostlarımızı sevindirir, digər tərəfdən bəzi beynəlxalq güclərin ölkəmizə qarşı çirkin oyunlar həyata keçirməsinə bəhanə verir”.

 

Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, aprelin 21-ə müxalifətin təyin etdiyi aksiya sosial sifarişli deyil: “Etiraz aksiyaların keçirilməsi üçün konkret şərtlər olmalıdır. Öncədən qeyd etmək yerinə düşər ki, belə aksiyalar əsasən xarici ölkələrin, bəzi beynəlxalq təşkilatların sifarişi əsasında, məqsədli şəkildə və əsasən də Qərb dairələrinin, anti-Azərbaycan fondların maliyyə dəstəyi ilə keçirilir. Onların iddiası yanlış olduğu qədər də ölkəmizdə çaxnaşma və vətəndaş qarşıdurması törətməyə hesablanıb. Bunu anlamaq bir o qədər də çətin deyil. İqtisadiyyatımız normal inkişaf edir, demokratiya və söz azadlığı təmin edilib, mültikultural dəyərlər uğurla həyata keçirilir. Azərbaycanda mühüm beynəlxalq tədbirlər təşkil edilir. Hazırda Azərbaycan istər iqtisadi cəhətdən, istərsə ictimai-siyasi sabitliyinə dünyada ən seçilən və yüksək qiymətləndirilən ölkələrdən biridir. Belə olan halda radikal müxalifətin mitinq təyin etməsi absurddur və xaricdən gələn bir sifarişdir. Bu sifarişin arxasında anti-Azərbaycan dairələr, ermənipərəst qüvvələrin dayandığı bəllidir. Radikal müxalifətin, "milli şura"nın bu gün ölkədə həm nüfuzu, həm də dəstəyi yoxdur. Radikallara inam yoxdur. Onların keçmiş fəaliyyəti də hər kəsə məlumdur.  Məqsəd sifariş əsasında ölkəmizin maraqlarının əleyhinə fəaliyyət göstərməkdir, qarşıdurma yaratmaqdır, ictimai-siyasi sabitliyi pozmaqdır”.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin