Dövlət komitəsinin nümayəndə heyəti Tbilisidə bir sıra görüşlər keçirib

19:38 - 12 İyun 2024

Dövlət komitəsinin nümayəndə heyəti Tbilisidə bir sıra görüşlər keçirib

İyunun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Patriarxlığında görüş keçirib.

 

Bu barədə Manset.az-a  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bütün Gürcüstan Katalikos-Patriarxının xorepiskopu, mitropolit Teodor ilə görüş zamanı Dövlət Komitəsinin sədri Ramin Məmmədov iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə diqqət çəkərək, dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edən mitropolit Teodor bu səfərin əməkdaşlığın daha da dərinləşməsinə xidmət göstərəcəyinə əminliyini ifadə edib. Görüş əsnasında din sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Tbilisidəki Cümə məscidində də olub. Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri Gürcüstan Müsəlmanları İdarəsinin din xadimləri ilə görüşüb, məscidə Azərbaycan dilində nəşr edilmiş “Qurani-Kərim” hədiyyə ediblər.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişafında dini qurumların rolu ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanın malik olduğu nümunəvi multikulturalizm və tolerantlıq modeli, ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edən R.Məmmədov Prezident İlham Əliyevin dini sahəyə daim diqqət və qayğı göstərdiyini, bu münasibət sayəsində nümunəvi birgəyaşayış mühitinin daha da möhkəmləndiyini qeyd edib. Komitə sədri Gürcüstandakı həmvətənlərimizin azərbaycanlı kimliyinə, milli-mənəvi dəyərlərə bağlılığının, bu dəyərlərin qorunub saxlamasının əhəmiyyətini vurğulayıb.

Azərbaycan nümayəndə heyəti Tbilisidəki Botanika bağında görkəmli azərbaycanlıların dəfn olunduğu panteonu da ziyarət edib. Nümayəndə heyətinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları - Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, böyük ədiblər - Mirzə Fətəli Axundov və onun ailə üzvləri, Mirzə Şəfi Vazehin məzarları üzərinə gül dəstələri düzüblər, onların xatirəsini ehtiramla yad ediblər.



Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin