Sumqayıtda ictimai nəqliyyat böhranı - ARAŞDIRMA

17:39 - 26 Oktyabr 2022

Sumqayıtda ictimai nəqliyyat böhranı - ARAŞDIRMA

umqayıtın ictimai nəqliyyat problemi, təəssüf ki, öz axarında davam etməkdədir. Yeni avtobusların alındığı, şəhər əhalisinin rahat hərəkətinin təmin olunması üçün bir sıra addımların atıldığı deyilsə də, reallıq bunun əksini göstərir. Şəhərin mərkəzi dayanacaqlarında 30-40 dəqiqə müddətində avtobus gözlənilir. İntervallar pik saatlarda 50 dəqiqəyə yüksəlir. Kart sisteminə keçib bir az düzələr dedik, bu sistem də çox uzun çəkmədi. 

 

Manset.az Xeberle.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı cavabdeh qurum deyir ki, nəqliyyat vasitəsi var, sürücü yoxdur. Sürücü isə deyir, plan çox yüksəkdir işləyə bilmirik.

İctimai nəqliyyatın bu problemindən canını qurtarmaq istəyənlər avtomobil almağa və ya taksi xidmətindən istifadəyə üz tutsalar da, buna maddi imkanı çatmayan insanlar əsəblərinin tarıma çəkildiyi vaxtlarda sürücü ilə bir-iki dəqiqə mübahisə etdikdən sonra vəziyyətin düzəlməyəcəyini ümidsizcəsinə qəbul etməyə məhkum ediliblər. İstər mətbuatda, istərsə də sosial mediada insanların ictimai nəqliyyatdan narazılığına, həllini tapmayan problemlərinə sanki görməzdən yanaşılır.

Sərnişinləri bu suallar düşündürür: bu vəziyyət nə vaxta qədər belə davam edəcək? Bunun bir həlli yolu var, yoxsa yox?

Sumqayıtda ictimai nəqliyyat böhranı - sürücü çatışmazlığı, böyük intervallar, iflasa uğrayan kart sistemi, vağzaldan yan keçən avtobuslar... (ARAŞDIRMA)

 

Sumqayıtdakı mövcud problemlə əlaqəli nəqliyyat eksperti Rauf  Ağamirzəyev deyir ki, Bakını Sumqayıtdan ayırmır: "Sumqayıt paytaxtdan  30 km məsafədə yerləşirsə, bir mərkəzdən idarə olunmalıdır. Hər bir qurumun ayrı baxış bucağı var, vahid olarsa, Bakı aqlomerasiyası vahid mobillik planına uyğun qurulacaq. Belə olan halda həm şəhərdaxili, həm də şəhərlərarası hərəkət təmin olunur. İkinci bir tərəfdən isə, Bakıda artıq bu sistem qurulub, daşıyıcı kimdir və ondan nə tələb olunduğu bəllidir. Plan məsələsi ümumiyyətlə yığışdırılmalıdır, maaşla işləyən sürücünün işi sərnişinləri A nöqtəsindən B nöqtəsinə rahat və komfortlu şəkildə çatdırmaqdır. Bu daşıyıcı qarşısında qoyulan tələbdir və bir çox məsələləri kökündən həll edir. Sürücü ilə sərnişin kontaktı minimuma enir. Sürücü artıq sərnişinlə əlaqə qurmur, sərnişin nağdsız şəkildə ödənişini edir keçir. Bakı şəhərində bu sistem artıq 2015-ci ildən tədbiq edilir. Sevindirici, digər tərəfdən məyusedici hal ondadır ki, Sumqayıt Bakıdan daha qabağa getmişdi. Nağdsız ödənişi bank kartıyla həyata keçirdirdi. Vacib deyildi ki, sizin nəqliyyat kartınız və balans olsun, maaş kartınızda kartınızda pul varsa ödəniş etmək mümkün idi. Amma məyusedən tərəfi o oldu ki, bu proses dayanıqlı olmadı. Kökündən ləğv edildi. Məsələnin birinci həlli budur. İkinci bir məsələ isə, hazırda gediş haqqının 30 qəpik olması çox aşağıdır. Pandemiya dönəmində daşıyıcıların vəziyyəti həqiqətən ağır idi, xərcləri artdı. Amma daşınan sərnişinə görə son qiymət artımı 2018-ci ildə olub. Bu 4 ildə qiymətlər də artıb”, - deyə ekspert bildirib.

R.Ağamirzəyevin fikrincə, dövlət bunu subsidiyalaşdırmalıdır.

"Məsələn, 1 sərnişinə görə daşıyıcı 50 qəpik xərc çəkirsə, sərnişinin ödədiyi 30 qəpiyin əlavəsini dövlət daşıyıcıya ödəməlidir. Sumqayıt planlı qurulmuş şəhər olduğu şəhər daxilində üçün əlavə avtobus, velosiped, skuter zolaqları da ayırmaq olar. İşə gecikən vətəndaş qısa məsafələrə əlavə alternativ daşıyıcı vasitələrdən rahat istifadə edə bilsin. Zolağı da sadəcə çəkmək yox, sərt nəzarət etməklə hərəkəti təmin etmək lazımdır”, - deyə o fikirlərinə əlavə edib.

Ekspert Bakı Sumqayıt yolundan da söz açaraq söyləyib ki, bu 2 şəhər arasında nəqliyatın tənzimlənməsi üzrə çox işlər görülüb, amma yarımçıqdır, tamamlanmayıb. "Sürətli qatar yolu tikilib, lakin qatar sayı azdır, beton yol tikilib, genişləndirilib, lakin sürətli nəqliyyat təmin olunmur. Və ya ikinci problem, ictimai nəqliyyatda Sumqayıt Dəmiryol Vağzalına şəhər daxilində əlçatanlıq təmin edilmir. Halbuki, sərnişinlərin vağzala rahat gediş-gəlişi üçün bütün marşrut avtobusların həmin ərazidən keçməsi təmin olunmalıdır. Qatar sayı da artırılmalıdır. Metro tikintisi baha başa gələn prosesdir. Dəmir yolu çəkilib, şəbəkə qurulub. Qatarların sayını artırıb, yük  və sərnişin qatarlarını ayırmaqla gün ərzində sabit intervalla şəhərarası qatar işləsə insanların nəqliyyat problemi qalmaz. Nəqliyyat problemi həll olunduğu təqdirdə Sumqayıtda həm yaşayış keyfiyyəti artacaq, biznesin inkşafına təkan olacaq, yeni iş yerləri yaranacaq”, - deyə R.Ağamirzəyev fikrini tamamlayıb. 

Sumqayıtda ictimai nəqliyyat böhranı - sürücü çatışmazlığı, böyük intervallar, iflasa uğrayan kart sistemi, vağzaldan yan keçən avtobuslar... (ARAŞDIRMA)

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov isə açıqlamasında bildirib ki, intervalların çox olmasının səbəbi sürücü qıtlığıdır. Sürücülər isə planın yüksək olmasından şikayətçidir. Maşınların ehtiyat hissələrinin qiymətləri artıb. Nəqliyyat vasitəsini tam saz vəziyyətdə saxlamaq lazımdır, ehtiyat hissələrini biz özümüz alırıq. Belə vəziyyətdə planı artırmağa məcburuq. Düşdüyümüz vəziyyət çətindir. Kart sisteminə keçiləndə ikiqat xərcə düşdük, baha qiymətlərə validatorlar alındı. Onlar da özünü doğrultmadı, istifadədən çıxarıldı. İkinci tərəfdən isə, biz hələ də 50-60 avtobusa kredit ödəyirik. Müasir tipli validatorlar quraşdırılıb, yenidən kart sisteminə keçilməsi üçün yüksək məbləğdə vəsait tələb olunur. Rəhbərlik səviyyəsində bu barədə işlər aparılır, lakin yekun mərhələ haqqında məlumatım yoxdur.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin