Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

17:05 - 28 İyul 2023

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır.

Təqribən 5 min illik dövlətçilik tarixinə malik olan Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb. Dövlətimizin qədim tarixə malik olduğunu üzərində izlər qalmış abidələr də sübut edir.

Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan  özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", - deyib.

Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda, onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. 

Ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, milli ənənələri nəzərə alaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edildi və uğurlar qazanıldı. Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən ölkə olaraq dünyada söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi də özünü təsdiq edib. Dünyaya inteqrasiya olunduğumuz zamanda Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti ilə heyrət doğura bilib. 

Tarixçi Elmar Musayev Manset.az-a açıqlamasında bildirib ki, tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği ilə bağlı vacib addımlar atılır:

Elmar Musayev : \"Gədəbəydə yaşayan hər bir ailənin problemi mənim  problemimdir\" - MÜSAHİBƏ

“Bu gün Heydər Əliyev fondunun dəstəyi ilə muğam sənəti, aşıq sənəti YUNESKO-nun Qeyri-Maddi, Mədəni İrsi siyahısına daxil edilib. Xalqın formalaşmasında əsas rüşeym rolunu oynayan mədəniyyətdir. O mədəniyyətin qorunub saxlanılmasının beynəlxalq miqyasda təbliği çox önəmlidir.

Bu gün türklüyün təbliği ilə bağlı müxtəlif birliklər var. İstər qeyri-hökumət təşkilatları, istərsə də dövlət səviyyəsində, istər gənclərin özləri təbliğatla bağlı müəyyən layihələr həyata keçirirlər.

Türklüyün təbliği ilə bağlı kifayət qədər iş görülür. Amma bununla belə sırf türk şüarı ilə türkçülük ideyaları ilə yox, xalqın tarixinin öyrənilməsi çox önəmli məsələdir. Çünki sən tarixi bilmədən o xalqın keçmişi nəyə bağlı olduğunu bilməzsən. İnsan öz vətənini gəzməsə, tarixi abidələri gözləri ilə görməsə hər hansı bir əcnəbiyə onu çatdıra bilməz. Mənim əsas fikrim ondan ibarətdir ki, bu gün gənclər Azərbaycanın tarixini, mədəniyyətini mükəmməl bilməlidir ki, bunu təbliğ edə bilsin. Tarixə gənclər arasında biganə münasibət var. Düşünürlər ki, tarix elə xronologiyadan ibarətdir. Tarix elmi sırf hadisələri qeyd almır. Tarix elmi xalqın xalqın milli kimliyinin formalaşması prosesinin nəzəri xronologiyasını öyrənir. Müəyyən etaplarla müqayisəli şəkildə bəhs edir. Təbliğat sistemini düzgün qurmaq, insanlara onu çatdırmaq lazımdır. Təbliğatı da, qəliz anlaşılan terminlərlə yox,  sadə insanların anlayacağı şəkildə aparmaq zəruridir”.

Millət vəkili, tarixçi Anar İsgəndərov adət-ənənələr min illər ərzində formalaşır.O, əlavə edib ki, ölkəmizin qədim dövlətçilik tarixi var və bunu təbliğ etməliyik:

Anar İsgəndərov: “ 15 iyun Azərbaycan tarixində şərəfli bir gündür”

“Tarix həmişə dövlətçilik ənənəsi ilə diqqəti cəlb edir. Bu baxımdan Azərbaycan dünyanın o dövlətləri sırasındadır ki, tarix boyu ərazisinə, iqliminə, qədim insan məskənlərinə görə qədim ən dövlətlərin siyahısındadır. Bu gün Füzuli rayon mərkəzindən 14 km kənarda yerləşən Azıx mağarası bunu sübut edir. Xalq olaraq düşüncə sahibi kimi dövlətini qurur, ərazisi, əhalisi, iqtisadiyyatı olur. Beləliklə, illər ərzində elmə, təhsilə, mədəniyyətə xüsusi önəm verir, qonşu dövlətlərlə münasibətlər qurur. Bu cəhətdən tarixi İpək yolunun Azərbaycan torpaqlarından keçməsi, bura gəlib gedənlərin çoxluğuna səbəb olub.Dünyanın ən qədim abidələri bizim ölkədədir. Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi dövlətlər qədim idarəçilik tariximizdən xəbər verir.

Azərbaycan gəncliyinin tariximizi bilməsinin və önəm verməsinin nəticəsində 44 günlük müharibədə vətənin ermənilər tərəfindən işğal edilmiş bütün ərazisini düşməndən geri aldı.

Hər bir cəmiyyət nöqsanlardan səhvlərdən nəticə çıxardır. Bu gün Azərbaycan dövləti BMT-nin 194 dövlətindən biridir. Ərazisi kiçik, əhalisi az olsa da müstəqil dövlətlərdə biridir.

Azərbaycan gəncləri dünyanın hər yerində Azərbaycan həqiqətlərini yayır. Həmçinin, öyrəndikləri təcrübələri Azərbaycanda tətbiq edirlər. Azərbaycan dövlətçiliyi həyatın bütün sahələrində, o cümlədən gənclər üçün hər cür şərait yaradıb. Ona görə də gənclərimiz və hər birimiz dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği ilə bağlı əlimizdən nə gəlirsə etməliyik”.

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin