"Qardaşlıq, ədalət, əzm və birlik varsa, zəfər qaçılmazdır" - Deputat

10:32 - 01 İyun 2025

\"Qardaşlıq, ədalət, əzm və birlik varsa, zəfər qaçılmazdır\" - Deputat

"28 may 2025-ci il tarixində Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşünün keçirilməsi tarixi yaddaşın, milli iradənin və qardaşlıq ruhunun təntənəsinə çevrildi. Bu günün ən böyük mesajı isə Azərbaycan, Türkiyə və Pakistan arasında sarsılmaz dostluğun və strateji əməkdaşlığın dünyaya nümayiş etdirilməsi oldu".


Bu sözləri Manset.az-a açıqlamasında deputat Vasif Qafarov deyib. 

O bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının ildən-ilə gücləndiyini, bu münasibətlərin həm yaxşı, həm də ağır günlərdə özünü göstərdiyini vurğuladı:

"İkinci dəfə Laçında keçirilən üçtərəfli Zirvə görüşü yalnız diplomatik deyil, həm də mənəvi cəhətdən mühüm bir hadisə idi. Bu görüş bir daha sübut etdi ki, Azərbaycan, Türkiyə və Pakistan ortaq dəyərlər, tarix və gələcək naminə birlikdə irəliləyir. Laçında birgə keçirilən tədbirin böyük rəmzi mənası var. Bu torpaqlar 30 ilə yaxın düşmən tapdağında olub, 44 günlük Vətən müharibəsində azad edilib. Məhz bu savaş zamanı Türkiyə və Pakistanın Azərbaycana verdiyi dəstək, xalqımıza mənəvi güc və ruh yüksəkliyi bəxş etdi, həmin dəstəyin nəticəsi olaraq, dost və qardaş ölkələrin liderləri Laçında bir araya gəldi.

Prezident çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünü qeyd edərək, bu hadisənin regionda ilk müsəlman demokratik respublikasının təməli olduğunu xatırlatdı. Cümhuriyyətin süqutundan sonra Qərbi Zəngəzurun Azərbaycandan qoparılması və digər ədalətsizliklərə toxunan dövlət başçısı, xalqımızın bu haqsızlıqlarla heç vaxt barışmadığını bildirdi. Məhz milli iradə, güclü dövlət və ordu bu ədalətsizlikləri aradan qaldırmağa imkan verdi. Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq dəstək verilsə də, Azərbaycan xalqı bu tarixi haqsızlıqlara boyun əymədi. Güclü siyasi iradə və strateji diplomatiya nəticəsində Azərbaycan öz haqlı mövqeyini dünyaya sübut etdi. İkinci Qarabağ müharibəsində əldə olunan parlaq Qələbə isə bu mübarizənin kulminasiya nöqtəsi oldu".

Deputat qeyd edib ki, qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri Azərbaycanın əzmini və inkişaf potensialını nümayiş etdirir:

"Tikilən məktəblər, xəstəxanalar, hava limanları, yollar, tunellər və artıq 43 min insanın geri dönməsi Qarabağ və Şərqi Zəngəzura əsl sahiblərinin qayıtdığını sübut edir. Bu proses həm də bütün dünyaya göstərir ki, Azərbaycan yalnız dağıntıları aradan qaldırmaqla kifayətlənmir, eyni zamanda sülh, inkişaf və gələcək üçün yeni reallıqlar yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün üç qardaş ölkənin liderlərinin Laçında bir araya gəlməsi dünyaya güclü mesajlar verir. Bu mesaj sülh, birlik və qarşılıqlı dəstək üzərində qurulmuş yeni regional nizamın əsasını təşkil edir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib və ölkə suverenliyi tam təmin olunub – bu reallıqla artıq hər kəs hesablaşmalıdır və hesablaşır da.

Prezidentin sözləri ilə desək, “Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq”. Laçından ucalan bu qətiyyətli və əzmli mesaj – yalnız Azərbaycan xalqına deyil, bütün dünyaya ünvanlanmış çağırışdır: Qardaşlıq, ədalət, əzm və birlik varsa, zəfər qaçılmazdır! Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı"!


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv