Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib. "Liv Bona Dea Arena"da keçirilən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bəs, millimizin uğursuzluğunun əsas səbəbi nədir?
Mövzu ilə bağlı Manset.az-a danışan Gənclər və İdman nazirinin sabiq müavini İsmayıl İsmayılov bildirib ki, əsas problem klublarda aparılan işlərin səviyyəsindədir:
“Yerli oyunçularla ciddi məşğul olmaq lazımdır. Problemin kökü budur ki, milli komandamızın oyunçuları əsasən yerli çempionatda çıxış edir. Bir neçə nəfəri çıxmaq şərti ilə, bu isə ümumi keyfiyyətin aşağı düşməsinə səbəb olur. Burada bir neçə amil rol oynayır: həm oyunçuların səviyyəsi, həm məşqçi işinin keyfiyyəti, həm də taktiki yanaşmalar.
Məsələn, dünənki oyunda birinci hissədə 5 müdafiəçi ilə oynamağımız ən zəif tərəfimiz oldu. Qol vurub hesabı bərabərləşdirsək də, ümumilikdə oyun pis idi. İkinci hissədə isə taktiki dəyişikliklər aparıldı və vəziyyət yaxşılaşdı.
Oyunçunu məcbur etmək olmaz ki, müəyyən mövqedə oynasın. Əvəzləmələr qurtaranda məcbur dəyişiklik ola bilər, amma əsasən oyunçunun mövqeyi uyğun şəkildə dəyişdirilməlidir. Ümumiyyətlə, futbolumuzda çoxlu problemlər var və görüləsi işlər həddindən artıq çoxdur. Milli komandaya hazır oyunçu lazımdır, amma yığma hazır oyunçu formalaşdırılmır. Çünki 4-5 günlük təlim-məşq prosesləri ilə hazırlıq mümkün deyil. Bu müddətdə yalnız taktiki planlar işlənir, psixoloji durum yaxşılaşdırılır.”
Seyranə Quliyeva